Fevralın 9-da keçiriləcək parlament seçkilərinə 123 saylı Kəlbəcər Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Aqil Sadıq oğlu Məmmədovun təbliğat kampaniyası çərçivəsində Gəncə şəhəri Aznixi adlanan qəsəbə, Yeni qəsəbə Mədəniyyət evində Qarabağ müharibəsi veteranları və Gəncə şəhəri avtozavod qəsəbəsində seçicilərlə görüşləri keçirilib.
Görüşlərdə çıxış edən namizədin səlahiyyətli nümayəndəsi, rayon təşkilatının Aparat rəhbəri Qənaət Əsgərov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin bölgələrin inkişafına təkan verdiyini bildirib. Q.Əsgərov Aqil Məmmədovun bütün fəaliyyəti boyu daim əhali ilə təmasda olduğunu, onların problemlərini öz problemi kimi, həllinə çalışdığını bildirib və seçiciləri Aqil Məmmədova - "Daha güclü Azərbaycan naminə!" YAP-ın namizədinə səs verməyə çağırıb.
Görüşlərdə seçicilərdən Zahid Muxdar, Elçin Salahov, Həsən Məmmədov, Ramiz Allahverdiyev, Eldar Həsənov, Qurban Bəylərov və başqaları çıxış edərək 9 fevralda keçiriləcək parlament seçkilərində YAP-nın namizədi Aqil Məmmədova səs verəcəklərini bildiriblər.
YAP-nın parlament seçkilərinə irəli sürdüyü namizədi Aqil Sadiq oğlu Məmmədov görüşlərdə çıxış edərək bildirib ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət daha güclü Azərbaycanın təşəkkül tapmasına xidmət göstərir: "Təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyası seçkilərə "Daha güclü Azərbaycan naminə!" şüarı ilə qatılıb. Bu gün xalqımız Yeni Azərbaycan Partiyasına inanır, bu partiyanın irəli sürdüyü namizədlərə etimad göstərir. Məhz bu günə kimi keçirilən bütün seçkilərdə Yeni Azərbaycan Partiyası parlaq qələbələr əldə edib. Əminəm ki, seçicilərimiz daha güclü Azərbaycan naminə YAP-ın namizədinə səs verəcəklər".
Aqil Məmmədov, həmçinin Milli Məclisə deputat seçiləcəyi təqdirdə görəcəyi işlər barəsində də danışaraq vurğulayıb ki, yalnız və yalnız dövlətimizin, xalqımızın, seçicilərin mənafeyi naminə fəaliyyət göstərəcək, partiyamızın siyasi baxışlarına uyğun olaraq addımlar atacaq, xalqımızın daha da yaxşı yaşamasına xidmət edən qanunların qəbulunda fəallıq nümayiş etdirəcək.
A.Məmmədov seçiciləri fevralın 9-da fəal olmağa, YAP-nın namizədlərinə səs verməyə çağırıb.
RƏFİQƏ HÜSEYNOVA