Fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə əlaqədar YAP-ın 67 saylı Cəlilabad rayon Seçki Dairəsindən namizədi Malik Həsənovun təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı sayalı günlər qalan parlament seçkiləri ilə bağlı məlumat verib. Seçiciləri fevralın 9-da seçki məntəqələrinə gedib "Daha güclü Azərbaycan naminə" ölkəmizin gələcək inkişafını hədəfləyən YAP-ın namizədlərinə səs verməyə çağırıb: "Bu gün ölkəmizdə abadlıq-quruculuq işləri davam etdirilir. YAP hər zaman dövlətçilik maraqlarının müdafiəsində ön sıralarda yer alıb. Mən əminəm ki, hər zaman Ulu Öndər Heydər Əliyev siyasi kursuna sadiqlik nümayiş etdirən Cəlilabad seçiciləri bu seçkilərdə də YAP tərəfindən irəli sürülən namizədləri dəstəkləyəcək".
Görüşdə YAP-ın deputatlığa namizədi Malik Həsənov seçicilər qarşısında çıxış edərək Azərbaycanın bugünkü dinamik sosial-iqtisadi inkişafının ölkəmizin yaxın gələcəkdə bütün sahələrdə dünyanın qabaqcıl ölkələrindən birinə çevriləcəyinə əsas verdiyini bildirib. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcək illərdə də davam edəcək: "Bu gün Azərbaycanda mühüm islahatlar aparılır. Bu islahatlar bütün vətəndaşların sosial rifahının yüksəldilməsinə xidmət göstərir. Bu işdə Prezidentimizin ən yaxın dəstəkçisi məhz Yeni Azərbaycan Partiyasıdır. Mən əminəm ki, seçicilərimiz düzgün seçim edəcək və YAP-ın namizədlərinə səs verəcək".
Görüşdə çıxış edənlər seçki günü YAP-ın namizədi Malik Həsənovla bir olacaqlarını və ona yekdilliklə səs verəcəklərini bildiriblər.
RƏFİQƏ HÜSEYNOVA