Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı ölkəmizdə artıq ənənə halını alıb və bu vaxta qədərki Dövlət Proqramları uğurla icra olunub. Sayca dördüncü olan bu proqramın da, yəni regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının da ilk ili uğurla başa çatdı. Hesabat ilinin göstəriciləri, yəni neftin dünya bazar qiymətlərinin sabit qalması, iqtisadiyyatın 2,2 faiz artması, qeyri-neft sektorunda 3,5, sənaye istehsalında 1,8 faiz artım qeydə alınması, qeyri-neft sənaye istehsalının 14,3 faiz yüksəlməsi əlbəttə ki, uğura aparan yolla gedildiyini təsdiq edir.
Qeyd olunduğu kimi, artıq ənənə halını alan və bir-birinin ardınca reallaşdırılan regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının iqtisadi inkişafımızda, eləcə də regionlarda rolu danılmazdır. Bölgələrin sosial-iqtisadi inkişafı heç də təsadüfi deyil və cəsarətlə deyə bilərik ki, bu məhz ölkə başçısının rəhbərliyi ilə bundan əvəl icra edilən 3 Dövlət Proqramı sayəsində mümkün olub. Təbii ki, bölgələrimizin sosial-iqtisadi inkişafı məntiqi olaraq ümumilikdə Azərbaycanın iqtisadi inkişafını, vətəndaşların məşğulluq səviyyəsinin artmasını, işsizliyin, yoxsulluğun aradan qaldırılmasını, əhalinin rifah halının yaxşılaşdırılmasını şərtləndirir.
İqtisadi artımın son 16 ildə hansı səviyyədə olduğuna nəzər saldıqda görürük ki, inkişaf dinamikdir və daim yüksələn xətlə hərəkət edir. İstər kənd təsərrüfatı sahəsində, aqrar sahədə, istehsalda, emalda, ticarətdə olan artım statistik göstəricilərdə öz əksini tapır. Məsələn, 2003-cü ildən bu vaxta qədər Azərbaycan iqtisadiyyatının 3,4 dəfə artması qeyd olunan inkişafı ümumi şəkildə təsdiq edir. Həmçinin qeyd edək ki, qeyd olunan müddətdə ölkəmizdə sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə, ixrac 7,6 dəfə, o cümlədən qeyri-neft ixracı 5,2 dəfə yüksəlib ki, bu statistik göstəricilər dinamik inkişaf ənənəsini təsdiq etmək üçün yetəridir.
Heç də təsadüfi deyil ki, ölkəmizin valyuta ehtiyatları 30 dəfəyə qədər artıb. Ölkə başçısının konfransda qeyd etdiyi kimi, əgər, 2003-cü ildə Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollar idisə, indi bu artıq 52 milyard dollardır. Qeyd olunan dövrdə, yəni 2003-cü ildən bu vaxta qədər yoxsulluq səviyyəsinin 50 faizdən 4,8 faizə enməsi də təsadüfi deyil və nəzərə almaq lazımdır ki, bu müddət ərzində orta aylıq əmək haqqı 11 dəfə, orta təqaüd isə 8 dəfə artıb.
Nəzərə çatdırılan müddət ərzində artım tempini, əldə olunan uğurları statistik göstəricilər vasitəsilə isbat etməkdə davam edə bilərik və bu göstıricilər bu anda belə artmaqdadır. Hətta regionların inkişafı, bölgələrə ayrılan diqqət öz aktuallığını bu gün də qoruyur və ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının yenə də tərkib hissəsidir. Bölgələrdə sahibkarlıq mühitinin, işgüzarlıq səviyyəsinin artırılması yenə də diqqət mərkəzindədir. Çünki, qeyri-neft sektorunun, kənd təsərrüfatının, aqrar sahənin inkişafında regionlar əhəmiyyətli rol oynayır. İndi regionlara ayrılan diqqət, infrastruktur layihələrinin reallaşdırılması, enerji təminatı, təbii qaz və elektriklə təchizatı kimi bir sıra təminatlar heç də əbəs yerə deyil. Unutmaq lazım deyil ki, regionlarda kommunal xidmətlərin, sosial infrastruktur təminatının yüksəlməsi, sahibkarlıq mühitinin yaxşılaşmasına, investisiya qoyuluşunun artmasına əsaslı zəmin yaradır və məqsəd də məhz budur.
Əslində, hər üç Dövlət Proqramında olduğu kimi dördüncüdə də məqsəd yenə də iqtisadi inkişaf və nailiyyətlərdir. Lakin, bir məsələni diqqətdə saxlamaq lazımdır ki, ölkə başçısının da qeyd etdiyi kimi bunlar, yəni əldə olunanlar kifayət deyil. Çünki, qeyd olunan statistik göstəricilərdə artımlarla yanaşı, nəzərə almaq lazımdır ki, ölkəmizin əhalisi də artır və 2003-cü illə müqaisədə ölkə əyalisinin sayı 1,6 milyon artıb. Bu isə o deməkdir ki, istehsalın da, emal sənayesinin də, sahibkarlıq mühitinin də, ümumi daxili məhsulun da, ümumilikdə bütün göstəricilərin həcmini artırmaq lazım gəlir və daha doğrusu vacibdir. Nəzərə alsaq ki, vətəndaşlarımızın sayı durmadan artır, deməli, iş yerlərinə tələb də analoji olaraq artmaqdadır və deməli, yeni iş yerlərinin sayının artırılması da müvafiq olaraq diqqət mərkəzində olmalıdır. Əslində regionların iqtisadi inkişafında da məqsəd elə budur. Məqsəd məhz iqtisadiyyat genişlənməsinə, yəni, sosial tələblərin daha artıq səviyyədə təmin olunmasına, vətəndaşların maddi gəlirlərinin yüksələn xətt üzrə inkişaf etməsinə təminat yaratmaqdır.
Ötən, 2019-cu ilin yekunları təsdiq edir ki, dördüncü Dövlət Proqramının icrası da uğurlu start götürüb. Hesabat ilində ölkədə qeyri-neft sənayesi 14 faizdən çox artıbsa, bu o deməkdir ki, yeni iş yerləri açılıb. Biz bunun təsdiqini statistik rəqəmlərdə də görürük. Beləki, qeyd olunduğu kimi, məhz qeyri-neft sənayesinin artımı sayəsində ötən ildə 98 min yeni iş yeri yaranıb və bu rəqəm ölkəmizin əhalisinin artım sürəti ilə müqaisədə çox yüksək göstəricidir. Yəni, əmək bazarına daxil olan 100 min işçi qüvvəsinin qarşılığında il ərzində 98 min yeni iş yerinin açılışı çox yaxşı göstərici hesab olunur.
Azərbaycanda tarixən kənd təsərrüfatı ilə, heyvandarlıqla, əkinçiliklə məşğul olunub və bölgələrin məşğuliyyəti, gəlir mənbəyi də məhz bu olub. Hazırda ölkəmizin aqrar sahədə, kənd təsərrüfatında olan potensialını nəzərə alsaq, həqiqətən də bu sahəyə diqqətin ayrılmasının məqsədyönlü olduğunu görürük. Eyni zamanda, öncədən qeyd etdiyimiz kimi, indi regionlarda yaradılan infrastruk, həmçinin, əhalinin təbii qaza, elektrik enerjisinə və bir sıra tələbatlarına uyğun şəraitin mövcudluğu artıq kənd təsərrüfatının, sənayenin, ümumiyyətlə, qeyri-neft sektorunun inkişafına xüsusilə müsbət təsirini göstərir. Sadalanan şəraitin mövcudluğu bölgələrdə turizm biznesinin inkişafına da təsirsiz ötüşmür. Beləki, bölgələrin enerji təminatı, yol strukturlarının əsaslı şəkildə düzəldilərək istifadəyə verilməsi, daha da yaxşılaşdırılması həm turizm biznesi ilə məşğul olmaq istəyənlərin, həm də bundan istifadə etmək istəyən turistlərin sayının artmasına gətirib çıxarır. Nəticədə isə, turizm biznesinin inkişafı, gəlirlərin, vergilərin, dövlət büdcəsinə daxilolmaların artması ilə yanaşı, bölgələrdə bu sahədə də yeni iş yerlərinin yaranması müşahidə olunur.
Ümumiyyətlə, ölkə başçısı, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar özünü hər sahədə göstərir və müsbət nəticələri də göz qabağındadır. Əlbəttə ki, bu nəticələr, ələlxüsus hesabat ilinin göstəriciləri bundan əvvəlki üç proqram kimi dördüncü proqramın da uğurla nəticələnəcəyinə zərrə qədər şübhə yeri qoymur. Əslində, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, eləcə də reytinq agentlikləri bu uğurları etiraf edir və qlobal hesabatlarda da biz bunun əyani şahidi oluruq. Ölkəmizin belə qlobal hesabatlarda hər il irəliləyişi də təsdiq edir ki, Azərbaycanda dinamik inkişaf davam edir və bu inkişaf məhz ölkə başçısının rəhbərliyi ilə reallaşdırılan Dövlət Proqramlarının icrası sayəsindədir. Məhz bu baxımdan dördüncü Dövlət Proqramının da uğurlu olacağı, eyni zamanda ölkəmizin iqtisadi potensialının artmasına, nəticədə sosial layihələrin genişləndirilməsinə, əhalinin rifah halının tüksəldilməsinə tövhələr verəcəyi zərrə qədər şübhə doğura bilməz.