Rauf Əliyev YAP Pirallahı Qadınlar Şurasının üzvləri ilə görüş keçirib FOTO

6 Fevral 2020 15:54 (UTC+04:00)

VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində 13 saylı Xəzər - Pirallahı seçki dairəsindən namizədliyi irəli sürülmüş Əliyev Rauf Asif oğlunun Pirallahı qəsəbəsində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Qadınlar Şurasının üzvləri ilə görüşü keçirilib. Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov partiyanın müstəqil respublikamızın inkişafında, əhalinin rifah halının yaxşılaşdırılmasında, ölkəmizin dünya birliyində rolunun genişlənməsində və digər məsələlərin həllində müstəsna xidmətlərini konkret faktlarla əsaslandırıb.

“Azərbaycan bir dövlət kimi parçalanmaq təhlükəsi ilə qarşılaşanda xalqımızın yekdil çağırışı ilə hakimiyyətə gələn partiyamızın Sədri, Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti və qətiyyətli rəhbərliyi sayəsində ölkəmiz yeni bir inkişaf dövrünə qədəm qoydu”, deyən Hikmət Şikarov daha sonra bildirib ki, bu uğurlu işlərin Respublika Prezidenti İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində Azərbaycan nəinki regionda, o cümlədən dünya birliyində də rolunu durmadan genişləndirir.

“Həmçinin, 1708 nəfər üzvü olan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Qadınlar Şurasının rayonun ictimai-siyasi və mədəni həyatında mühüm rola malik olduğunu deyən Hikmət Şikarov əlavə edib ki, bu eyni zamanda qadınlarımızın dövlətin siyasətinə göstərdikləri dəstəkdir.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Qadınlar Şurasının sədri Kəmalə Mustafayeva, Qadınlar Şurasının üzvləri Sevda Alxasova , Türkan Məmmədova ölkəmizin və regionun ən güclü siyasi partiyası olan YAP-ın yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazandığını və partiyanın Prezident İlham Əliyevin sədrliyi ilə dövlətimizin inkişafı və xalqımızın əmin-amanlıq içində yaşaması üçün mühüm töhfələr verdiyini vurğulayıblar.

13 saylı Xəzər - Pirallahı seçki dairəsindən namizədliyi irəli sürülmüş Rauf Əliyev çıxışında ölkəmizin müstəqilliyin ilk illərindəki və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasətinin ifadəsi kimi bugünkü inkişaf göstəricilərini əks etdirən faktlarla YAP-ın iqtidarda olduğu dövrün müqayisəli təhlilini apardı. Xüsusən, Bakının ən gənc rayonu olan Pirallahı rayonunun sosial-iqtisadi inkişafının əsas göstəricilərini görüş iştirakçılarının diqqətinə çatdırıb. Həmçinin, tədbir iştirakçıları sadəliyi və səmimiliyi ilə Pirallahı sakinlərinin rəğbətini qazanan Rauf Əliyevin ölkənin ictimai-siyasi həyatındakı fəaliyyətini yüksək qiymətləndirdiklərini vurğulayaraq, dəfələrlə III, IV, V çağırış Milli Məçlisin iclaslarında Pirallahı sakinlərinin problemlərinin həlli istiqamətində əlindən gələni etməyə çalışdığının şahidi olduqlarını diqqətə çatdırıb, birmənalı olaraq "Daha güclü Azərbaycan naminə” şüarı ilə gedən Yeni Azərbaycan Partiyasının yenidən irəli sürdüyü namizədə - Rauf Asif oğlu Əliyevə səs verəcəklərini bəyan ediblər.

Rauf Əliyev ona göstərilən etimada görə Yeni Azərbaycan Partiyasına, partiyanın Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirərək, Pirallahı rayonunda aparılan abadlıq-quruculuq işlərində qadınların xüsusi rolu olduğunu vurğulayıb.

Tədbir iştirakçılarından Qaraçobanova Xatirə, Əliyeva Arzu, Puruşova Natalya, Abbasova Xuraman, Məmmədxanova Məryəm Cəfərova Nailə və digərləri mövcud problemlərin həlli ilə bağlı Rauf Əliyevdən köməklik göstərilməsini xahiş ediblər. Deputatlığa namizəd Rauf Əliyev dövlətimizin qarşıya qoyduğu vəzifələri xalqın, cəmiyyətin istəyinə uyğun layiqincə yerinə yetirməyə çalışacağını bildirib.

Rövşən RƏSULOV