Yasamallı seçicilərin seçimi Elnur Allahverdiyevdir

6 Fevral 2020 13:58 (UTC+04:00)

YAP Mərkəzi Seçki Qərargahının Yasamal rayon şöbəsində Milli Məclisə deputatlığa namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən, 17 saylı Yasamal III Seçki Dairəsində qeydə alınan Elnur Allahverdiyevin seçicilər ilə növbəti görüşü keçirilib.

Görüşdə YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov çıxış edərək ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, kadr və struktur islahatları haqqında geniş məlumat verib. Ölkəmizin keçdiyi uğurlu inkişaf yolundan - həyata keçirilən beynəlxalq əhəmiyyətli və eləcə də respublika miqyaslı layihələrdən söz açıb. Bütün görülən işlərin ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsində ərsəyə gəldiyini qeyd edən rayon təşkilatının sədri ölkəmizdə həyata keçirilmiş islahatlar və xüsusi ilə də, dövlət başçısının vətandaşlarımızın sosial təminatının yaxşılaşdırılması sahəsində imzaladığı fərman və sərəncamlar barədə danışdı. İnsanların sosial rifahının yüksəldilməsi üçün atılan bu addımların ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandığını vurğulayaraq Prezident İlham Əliyevin verdiyi qərarların vətəndaşların maraqlarına xidmət etdiyini diqqətə çəkib.

T.Əhmədov deputatlığa namizəd Elnur Allahverdiyev barədə seçicilərə məlumat verərək seçiciləri ona səs verməyə çağırıb.

Görüşdə çıxış edən deputatlığa namizəd Elnur Allahverdiyev platformasında qeyd olunan vəzifələrdən ətraflı danışıb. Heydər Əliyev Mərkəzinin əməkdaşı kimi, Ulu Öndər Heydər Əliyevin ideyalarının təbliğinə də diqqətlə yanaşdığını bildirərək, YAP-ın Sədri, Prezident İlham Əliyevin apardığı siyasətin gənc nəslə aşılanmasına töhfələr verməyə çalışdığını diqqətə çatdırıb.

Görüşdə Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, namizədin vəkili, tanınmış kulturoloq Fuad Məmmədov çıxış edərək Elnur Allahverdiyevin şəxsi keyfiyyətləri, fəaliyyəti ilə bağlı fikirlərini söyləyiblər. Bildirilib ki, əqli, mənəvi, intellekt mədəniyyəti şəxsiyyətində vəhdət halında birləşdirən və inkişaf etdirən Elnur Allahverdiyev cəmiyyətdə özünəlayiq hörmət qazanan sağlam düşüncəli ziyalılarımızdandır.

Görüşdə seçicilərdən Murad Dadaşov, Tahir İmanov, Əli Cəfərov, Qızxanım Əliyeva və başqaları çıxış edərək, namizədə uğurlar arzulayaraq, 9 fevralda YAP-ın namizədi Elnur Allahverdiyevə etimad göstərəcəklərini bildiriblər.

Nəzakət ƏLƏDDİNQIZI