Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Cavid Osmanov təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşlərini Ağdaş rayonunun Yenicə, Orta Ləki və Abad kəndlərindən olan seçicilərlə keçirib. Seçicilər Cavid Osmanovu hədsiz coşqu və sürəkli alqışlarla qarşılayıblar. Görüşlərdə çıxış edən Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanov ilk növədə görüş iştirakçılarına və bütün seçicilərinə öz minnətdarlığını bildirib. Eyni zamanda, Yeni Azərbaycan Partiyası tərəfindən yenidən ona göstərilən bu böyük etimadın tək ona deyil, bütün ağdaşlılara göstərildiyini qeyd edib. Cavid Osmanov seçicilərini əmin edib ki, ağdaşlıların dəstəyi ilə yenidən Milli Məclisə deputat seçilərsə, bu etimadı doğruldacaq, Ağdaş rayonunu bundan sonra da ölkə parlamentində layiqincə təmsil edəcək. Cavid Osmanov son 16 il ərzində Azərbaycanda görülən işlərdən və əldə olunan uğurlardan danışaraq bildirib ki, Azərbaycan bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin düşünülmüş və zamanın çağırışlarına uyğun məqsədyönlü siyasəti nəticəsində inkişaf yolunda inamla irəliləyir. Cavid Osmanov bütün bu işlərin ölkə başçısı İlham Əliyevin və Onunla çiyin-çiyinə birgə addımlayan Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın həyata keçirdikləri yorulmaz fəaliyyətin bəhrəsi olduğunu bildirib. Ölkənin bütün bölgələrində olduğu kimi, Ağdaş rayonunda da geniş vüsət alan abadlıq-quruculuq işlərinə toxunan Cavid Osmanov Yeni Azərbaycan Partiyasının Sədri, ölkə başçısı İlham Əliyevin Ağdaş rayonuna olan xüsusi diqqət və qayğısından da danışıb.
Hər üç görüşdə təbliğat qrupunun üzvləri Sevgili İbrahimova, İsmayıl Xuduyev çıxış edərək, 3 il ərzində Cavid Osmanovun Milli Məclisdəki fəaliyyəti haqqında ətraflı məlumat veriblər. Onlar seçiciləri seçki günü fəal olmağa, birlik nümayiş etdirərək yekdilliklə Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanova səs verməyə çağırıblar.
Görüşlərdə çıxış edən seçicilər Cavid Osmanovun namizədliyinin Yeni Azərbaycan Partiyası tərəfindən yenidən irəli sürülməsini sevinclə qarşıladıqlarını, bunu təkcə bu kəndlərdə yaşayan əhali üçün deyil, eləcə də bütün ağdaşlılar üçün böyük şərəf olduğunu və seçki günü Cavid Osmanova səs verəcəklərini bildiriblər
ZÜMRÜD BAYRAMOVA