Seçicilər YAP-ın deputatlığa namizədinə səs verəcəklər

5 Fevral 2020 18:12 (UTC+04:00)

Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi birinci Seçki Dairəsi üzrə deputatlığa namizədi Məlahət İbrahimqızı parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşlərini 1-ci mikrorayon, A.Məhərrəmov-27 və M.Cəfərov-10 ünvanlarında keçirib.

Görüşlərdə çıxış edən deputatlığa namizəd Məlahət İbrahimqızı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasəti, aparılan dərin məzmunlu islahatlar haqqında ətraflı məlumat verib. O qeyd edib ki, bu islahatlar ölkəmizin inkişafına böyük təkan verməklə yanaşı, insanların sosial rifahının daha da yüksəlməsinə xidmət edir. Deputatlığa namizədin sözlərinə görə, sosial-iqtisadi, məhkəmə-hüquq sistemində aparılan islahatlar ciddi nəticələr verməkdədir, vətəndaşlar islahatların nəticələrini öz həyatlarında hiss edirlər. M.İbrahimqızı söyləyib ki, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində də sosial məsələlərin həlli xüsusi yer tutur. Məlahət İbrahimqızı bildirib ki, ölkəmizdə bütün seçkilər azad və demokratik keçirilib. Bu dəfəki parlament seçkilərinin azad və şəffaf keçirilməsi üçün dövlət tərəfindən lazımi tədbirlər görülüb, namizədlər üçün bərabər şərait yaradılıb. Deputatlığa namizəd həmçinin, YAP-ın seçki proqramı haqqında seçicilərə ətraflı məlumat verib, daha güclü Azərbaycan naminə qarşıda duran vəzifələrdən bəhs edib.

Bakı şəhərində abadlıq və quruculuq işlərinin böyük vüsət aldığını deyən M.İbrahimqızı bu prosesin Nəsimi rayonunda da uğurla davam etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Bakıda abadlıq işlərinin görülməsi, abad həyətlərin yaradılması insanlar tərəfindən böyük rəğbətlə qarşılanır.

M.İbrahimqızı bu uğurların davamlı olması üçün, daha güclü Azərbaycan naminə seçiciləri 9 fevral parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.

Görüşdə çıxış edən seçicilər Prezident İlham Əliyevin inkişaf siyasətini dəstəklədiklərini, 9 fevral parlament seçkilərində də YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.

Nəzakət ƏLƏDDİNQIZI