Görkəmli bəstəkar, Xalq artisti Qara Qarayevin xatirəsi onun adını daşıyan ev-muzeyində yad olunub. SİA-nın məlumatına görə, əvvəlcə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin bütün əməkdaşları Fəxri xiyabanda unudulmaz sənətkarın məzarını ziyarət ediblər.
Muzeydə davam edən tədbirdə əvvəlcə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova Qara Qarayevin həyat və yaradıcılığı haqqında məlumat verib, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərini vurğulayıb. O, dahi bəstəkarın Azərbaycanın bəşər mədəniyyətinə bəxş etdiyi fitri istedadlardan biri olduğunu və hələ sağlığında ölkəmizin rəmzinə çevrildiyini vurğulayıb, bəstəkarın milli musiqimizi klassik və müasir musiqi janrları ilə sintez etməklə unudulmaz əsərlər yaratdığını qeyd edib. Qeyd olunub ki, Qara Qarayevin yaradıcılıq irsi musiqinin demək olar ki, bütün janrlarını əhatə edir və onun əsərləri dünya musiqi mədəniyyətinin xəzinəsinə daxildir.
Qara Qarayevin ev-muzeyinin müdiri Züleyxa Bağırova-Qarayeva deyib ki, Qara Qarayevin musiqisi, pedaqoji fəaliyyəti zəngin olduğu üçün onun haqqında kitablar yazılıb, araşdırmalar aparılıb, dissertasiyalar müdafiə olunub. O, yaradıcılığının genişliyi – simfonik musiqisi, baletləri, kiçikhəcmli əsərləri, filmlərə, teatr tamaşalarına yazdığı musiqilərlə hər kəsi heyran edib. Ancaq bütün bunlar onun yaradıcılığının son notunu öyrənməyə kifayət etməyib. Q.Qarayevin melodiyasında o qədər mükəmməllik var ki, yalnız virtuozlar bu zirvənin ucalığını görə bilərlər.
Tədbir konsert proqramı ilə davam edib.