ABŞ-ın siyasət jurnalı "Foreign Policy" Türkiyə milli qurtuluş mübarizəsinin hərbi və siyasi lideri Mustafa Kamal Atatürklə bağlı təhqiramiz yazı verib. SİA-nın məlumatına görə, jurnalın internet səhifəsində "bığlı diktatorlar" mövzulu bir siyahıya Adolf Hitler, Franco kimi adlarla yanaşı Atatürkü də daxil edib.
Yazının müəllifi Çarles Homansdır. Jurnalın özü isə Respublikaçılar Partiyasına yaxınlığı ilə tanınan "Vaşinqton Post" qrupuna daxil olduğu bildirilir. "Suriya prezidenti Bəşər Əsəd bığını qırxa bilər, amma dünyanı diktator olmadığına inandırmaq üçün daha çoxunu etməsi lazımdır" yazan "Foreign Policy" diktatorların siyahısında ilk olaraq "Kayzer" adı ilə Mustafa Kamal Atatürkü yerləşdirib. Atatürkə ayrılan hissədə Türkiyədə bığın tarixi ilə bağlı məqamlar əksini tapıb. Bildirilir ki, 2002-ci ildə Rəcəb Tayyib Ərdoğanın baş nazir olması ilə bığ da yenidən iqtidara gəlib.
Atatürklə əlaqədar hissədə bu ifadələrə yer verilib: "Müasir Türkiyənin qurucusu ilə əlaqədar hər şeyin tarixi bir əhəmiyyəti vardır, buna onun üst dodağı da daxildir. Atatürkün gənc bir zabit olduğu dövrdəki bığı Osmanlı dövründə məşhur idi. Bu bığ kayser İkinci Vilhelmdən ilhamlanmışdı və Türkiyədə alman mədəniyyətinin təsirini əks etdirirdi. Ancaq Atatürk 1923-cü ildə yeni Türkiyə Cümhuriyyətinin lideri olaraq kresloya oturanda bığı mühafizəkar bir tikana çevrildi. Atatürk qarşıdakı illərdə Türkiyədə iqtisadi və siyasi liberallaşma apardıqca bığını da tamamilə kəsdi. Bu da Türkiyənin müasir bir gələcəyi üçün Osmanlı keçmişini geridə buraxmanın simvolik bir nümunəsi idi. Ancaq türk bığı o qədər asan ortadan qalxmadı. Sonrakı onilliklərdə həm ölçü, həm də əhəmiyyəti baxımından inkişaf etdi və dəyişikliyə uğradı. 2002-ci ildə isə bığ baş nazir Rəcəb Tayyib Ərdoğanın populist yanaşmasının bir jesti olaraq dodağının üzərində iqtidara geri döndü".