123 saylı Kəlbəcər rayon Seçki Dairəsindən deputatlığa namizəd Aqil Məmmədov yanvarın 30-da Bakı şəhəri, Aşıq Şəmşir Mədəniyyət Ocağı İdimai Birliyinin binasında gəncələrlə və günün ikinci hissəsi Bakı şəhərində məskunlaşan kəlbəcərlilərlə, fevralın 2-də isə Gəncə şəhəri Alov Əyləncə mərkəzində ilk dəfə səs vermə hüququna malik gənclərlə görüşlər keçirib.
Görüşlərdə deputatlığa namizəd Aqil Məmmədov yurd-yuvalarından didərgin düşmüş kəlbəcərlilərin sosial problemlərinin Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində öz həllini tapdığını, çadır şəhərcikləri ləğv olunduğunu bildirib: "Mən inanıram ki, Prezident İlham Əliyevin apardığı siyasət öz bəhrəsini verəcək və torpaqlarımız işğaldan azad olunacaq, sizlər öz yurd-yuvanıza qayıdacaqsınız".
Gənclərlə görüşdə deputatlığa namizəd Aqil Məmmədov çıxış edərək bildirib ki, partiyamızın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə mütəşəkkil inkişaf yolu keçən YAP-ın sıralarında hazırda 750 min üzv var. Bu üzvlərin 44 faizini gənclərin təşkil etməsi partiyanın gələcəkdə də mühüm siyasi qüvvə olacağını deməyə əsas verir. A.Məmmədov YAP-ın bu seçkilərdə gənclərə göstərdiyi yüksək etimad haqqında danışaraq partiyanın bu etimadının deputatlığa gənc namizədlər üçün eyni zamanda yüksək məsuliyyət və əvəzolunmaz təcrübə olduğunu qeyd edib.
YAP-ın hər zaman gəncliyin inkişafına dəstək verdiyini deyən Aqil Məmmədov gənc seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.
Görüşdə çıxış edənlər hər zaman ölkə Prezidentinin ətrafında sıx birləşdiklərini və Onun Sədri olduğu Yeni Azərbaycan Partiyasının namizədinə yekdilliklə səs verəcəklərini bildiriblər və bütün kəlbəcərliləri Aqil Məmmədova səs verməyə çağırıblar.
RƏFİQƏ KAMALQIZI