Sarkisyan “qəhrəman” olmaq istəyir
1 Aprel 2011 06:19 (UTC+04:00)
Dağlıq Qarabağın əhalisinin də hava nəqliyyatından istifadə etmək hüququ var. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bunu İsveçrənin qadın prezidenti Mişelin Kalmi-Reylə birlikdə keçirdiyi mətbuat konfransında Ermənistan prezidenti Serj Sarkisyan "kişilənərək" deyib. Sözünə davam edən erməni prezident bir müddət əvvəl Azərbaycan tərəfinin yeni tikilmiş və may ayının 9-da (Şuşanın işğalı günü) istifadəyə verilməsi nəzərdə tutulan Xankəndi aeroportuna təyyarələrin eniş edəcəyi təqdirdə vurulacağı xəbərindən narahat olmadığını, beynəlxalq qanunların Ermənistanın tərəfində olduğunu bildirərək Azərbaycanın buna heç vaxt getməyəcəyi fikrinə az qala özünü də inandırmağa çalışıb. Sarkisyan xalqına bundan qorxmamağa, Azərbaycanın yalnız ultimatum dilində danışdığını, bundan artığına gücü yetmədiyini deyərək hətta cəsarətlənərək "Yerevan-Stepanakert reysinin ilk sərnişini də özüm olacağam", deyib. Belə yerdə "keçinin buynuzu və çobanın çomağı" məsələsi yada düşür.
Ermənistan prezidenti Dağlıq Qarabağdakı qondarma qurumun başçısına və Ermənistanın aidiyyəti qurumlarına göstəriş verib ki, bununla bağlı beynəlxalq qurumlara müvafiq sənədlər göndərsinlər.
Analitiklər isə Sarkisyanın bu hərəkətini növbəti provokasiya adlandırıblar. Aldığımız məlumata görə, Ermənistan prezidenti Dağlıq Qarabağa getməyin asan yolunu tapıb, beynəlxalq missiyanın həmin reyslə uçması lap yerinə düşər. Yəni 20 ölkədən çağrılmış nümayəndələr Ermənistan prezidenti üçün "qalxan" rolunu oynaya bilərlər. Onların olacağı sərnişin təyyarəsinə isə Azərbaycan tərəfi heç vaxt atəş açmaz. Amma bunu düşünən Ermənistan rəsmiləri 1992-ci ilin noyabr ayında Qarakənd səmasında içində Rusiyanın, Qazaxıstanın və Azərbaycanın yüksək rütbəli şəxslərinin olduğu vertolyotun vurulmasını da yaddan çıxarmasınlar. Onlar da döyüşə yox, barışdırıcı missiya yerinə yetirmək üçün Dağlıq Qarabağın kəndlərinə gedirdilər. Şuşa səmasında icində qadın-uşaq, yaralı-xəstə olan və ermənilər tərəfindən vurulan vertolyotu xatırlayın, erməni rəsmiləri. Məgər onların hava nəqliyyatından istifadə etmək hüquqları yox idi.