Rusiya kosmonavtları insanın kosmosa ilk uçuşunun 50 illiyini Bakıda qeyd edəcəklər
1 Aprel 2011 03:34 (UTC+04:00)
04-06 aprel tarixdə Rusiyadan gələn 6 nəfərdən ibarət kosmonavtlar heyəti Bakıda olacaqlar. SİA-nın tədbirin təşkilatçısı - "Avrasiya Tədqiqatları İnstitutu" İnkişaf Fondunun Azərbaycan Respublikasındakı filialından aldığı məlumata görə, heyətin tərkibinə Rusiya Qəhrəmanı, kosmonavt Maksim Viktoroviç Surayev, Rusiya Dövlət Dumasının deputatı, "Yedinaya Rossiya" partiyasının təmsilçisi Viktor Aleksandroviç Malaşenko, Rusiya Elmlər Akademiyası, "ROSKOSMOS", Rusiya Kosmik Tədqiqatlar İnstitutu nümayəndələri daxildirlər.
Səfər kosmonavt Y.A.Qaqarinin kosmosa ilk uçuşunun 50-ci ildönümünə həsr olunmuş tədbirlər çərçivəsindəndir. Səfərin məqsədi: Azərbaycan ictimaiyyətinin diqqətini Rusiya ilə qarşılıqlı sərfəli əməkdaşlığın genişləndirilməsinin zəruri olmasına, həmçinin elmi əhatəli sahələrdə dövlətin elmi-texniki və iqtisadi potensialının uğurla realizə edilməsinə cəlb etməkdir.
Səfər proqramında 05 aprel saat 10.00-da Fəxri Xiyabanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə güllərin qoyulması, 10.30-da Şəhidlər Xiyabanının ziyarəti nəzərdə tutulur. 12.00-da isə Bakı Slavyan Universitetində təntənəli tədbir keçiriləcək. Həmçinin, Azərbaycan Milli Aerokosmik Agentliyində (AMAKA-da) görüş nəzərdə tutulur.