“Fevralın 9-da keçiriləcək parlament seçkiləri Azərbaycanın demokratik seçki ənənəsinin daha bir nümunəsi olacaq”. SİA-nın xəbərinə görə, bu fikirləri secki-2020.az saytına açıqlamasında Türkiyənin Hərbi Hava Qüvvələrinin ehtiyatda olan general-mayoru, keçmiş millət vəkili Kürşat Atılgan deyib.
Türkiyəli siyasətçi Azərbaycanın müstəqillik illərində demokratik seçki təcrübəsinin formalaşdığını bildirərək deyib: “1991-ci ildən bəri Azərbaycanda çoxsaylı seçkilər keçirilib. Nəticədə beynəlxalq standartlara uyğun seçki təcrübəsi formalaşıb. İndiyə qədər keçirilən seçkilər beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib. Azərbaycanın demokratik seçki ənənəsi beynəlxalq ictimaiyyətdə müsbət imicinin yaranmasına səbəb olub”.
Azərbaycanda aparılan islahatlardan bəhs edən Kürşat Atılgan qeyd edib ki, atılan bütün addımlar ölkənin daha da güclənməsinə, insanların həyat səviyyəsinin daha da yaxşılaşmasına xidmət edir. “Əminəm ki, Azərbaycanda parlament seçkiləri ədalətli və şəffaf şəkildə keçiriləcək. Qardaş Azərbaycan bundan sonra da inkişaf edəcək”.