Fevralın 9-da ölkəmizdə keçiriləcək parlament seçkilərində 111 saylı Zaqatala-Balakən Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Kamilə Əliyevanın təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri uğurla davam edir. Kamilə Əliyevanın Zaqatala seçiciləri ilə növbəti görüşü keçirilib.
Görüşdə çıxış edən deputatlığa namizəd Kamilə Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasəti, aparılan dərin məzmunlu islahatlar haqqında ətraflı məlumat verib. Kamilə Əliyeva bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz sosial-iqtisadi inkişaf parametrlərinə görə, dünyada analoqu olmayan uğurlara imza atıb. Dövlət başçısının siyasi iradəsi əsasında Azərbaycanda bütün sahələrdə sistemli, kompleks xarakterli, fundamental islahatlar həyata keçirilir. Namizəd qeyd edib ki, dövlət başçısının yeni çağırışlara və ölkənin reallıqlarına uyğun qəbul etdiyi mühüm qərarlar, imzaladığı müvafiq fərman və sərəncamlara əsasən, müxtəlif sahələrdə aparılan islahatlar böyük aktuallıq daşıyır: "Həyatımızın bütün sferalarında həyata keçirilən islahatlar cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. Bu islahatlar ölkəmizin inkişafına böyük təkan verməklə yanaşı, insanların sosial rifahının daha da yüksəlməsinə xidmət edir".
Kamilə Əliyeva əldə etdiyimiz nailiyyətlərin davamlı olması üçün, "Daha güclü Azərbaycan naminə" seçiciləri 9 fevral parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.
Yüksək bayram əhvali-ruhiyyə ilə keçən görüşdə çıxış edən seçicilər Prezident İlham Əliyevin inkişaf siyasətini dəstəklədiklərini və 9 fevral seçkilərində də YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.
ZÜMRÜD BAYRAMOVA