Mahir Abbaszadə seçicilərlə növbəti görüşünü Oğuzda keçirib - FOTOLAR

31 Yanvar 2020 18:40 (UTC+04:00)

121 saylı Laçın Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Mahir Abbaszadə seçicilərlə növbəti görüşünü Oğuz, Bərdə və Tərtər rayonlarında keçirib.

Görüşlərdə çıxış edən parlament seçkilərinə YAP-ın namizədi Mahir Abbaszadə bildirib ki, Prezident İlham Əliyev məcburi köçkünlərlərin problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib: "Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülür, Bakıda və regionlarda yeni yaşayış kompleksləri inşa edilir. Bu kateqoriyadan olan insanların mənzil, təhsil və sağlamlıq problemlərinin həllinə Birinci vitse-prezident xanım Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir, bu sahədə mühüm işlər görür".

Görüşdə çıxış edən təbliğat-təşviqat kampaniyasının iştirakçıları Mahir Abbaszadənin, ötən illər ərzində olan deputatlıq fəaliyyəti haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, deputat hər zaman seçicisinin yanında olub və onları parlamentdə layiqincə təmsil edib.

Deputatlığa namizəd növbəti dönəm üçün Milli Məclisə seçiləcəyi təqdirdə, görəcəyi işlərdən danışıb, ötən illərdə olduğu kimi, Laçın əhalisinin problemlərinin həllinə çalışacağını və parlamentin işində fəal iştirak edəcəyini bildirib.

Görüşdə çıxış edən seçicilər fevralın 9-da seçki məntəqələrinə gələcəklərini və yüksək fəallıq nümayiş etdirərək, hakim partiyanın namizədi Mahir Abbaszadəyə səs verəcəklərini bildiriblər.

RƏFİQƏ KAMALQIZI