111 saylı Zaqatala-Balakən Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Kamilə Əliyevanın təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşü Zaqatala gəncləri ilə keçirilib. Görüşdə deputatlığa namizəd Kamilə Əliyeva çıxış edərək ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlərə nəzər salaraq, Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli təbəqə kimi formalaşmasında Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasətinin mühüm rol oynadığını bildirib.
O, qeyd edib ki, Zaqatala gəncləri də dövlət-gənclər siyasətinin həyata keçirilməsində Prezident İlham Əliyevin sərəncam, tapşırıq və tövsiyələrinin icrasında fəal mövqe tuturlar. O, Zaqatala rayonunda həyata keçirilən gənclər siyasətindən və gənclərin sosial problemlərinin həllindən danışarkən, vurğulayıb ki, bu gün Zaqatala gəncləri təkcə rayonun deyil, eləcə də, ölkəmizin ictimai-siyasi həyatında fəallıqları ilə seçilirlər: "Zaqatala gəncləri dövlət-gənclər siyasətinə sadiq olaraq, uğurlar əldə ediblər. Onlar sosial-iqtisadi inkişafda fəallıqlarını artıraraq, təhsildə, informasiya texnologiyalarına yiyələnməkdə, peşə öyrənməkdə, hərbi- vətənpərvərlik tərbiyəsində, intellektual inkişafda, milli-mənəvi dəyərlərin qorunması və zənginləşdirilməsində, ardıcıl olaraq, nailiyyətlər qazanırlar".
Kamilə Əliyeva Prezident İlham Əliyevin istər daxili, istərsə də xarici siyasətində ölkəmizin uğurlar qazandığını və vətəndaşların rifahının daima Prezidentin diqqətində olduğunu gənclərin diqqətinə çatdırıb.
Görüşdə fəal gənclər çıxış edərək, dövlət qayğısının daim öz üzərlərində hiss edərək nailiyyətləri ilə onlara göstərilən qayğını doğrultmağa çalışdıqlarını bildiriblər. 9 fevralda seçki məntəqələrinə gələrək, Azərbaycanın inkişafında
xidmətləri ilə seçilən, xalqın partiyası olan YAP-ın namizədinə etimad göstərəcəklərini və Yeni Azərbaycan Partiyasının siyasi xəttini dəstəkləyərək, deputatlığa namizəd Kamilə Əliyevaya yekdilliklə səs verəcəklərini bildiriblər.
ZÜMRÜD BAYRAMOVA