9 fevral parlament seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində 70 saylı Masallı şəhər Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Məmmədov Məşhur Şahbaz oğlunun "Daha güclü Azərbaycan naminə!" devizi altında rayonun Səmidxan, Xallıcallı və Qarğalıq kəndlərində seçicilərlə görüşləri keçirilib. Görüşlər zamanı əhalinin cari vəziyyəti və kəndlərin inkişaf imkanları müzakirə olunub.
Böyük seçici izdihamı ilə keçirilən görüşdə YAP-ın parlament seçkilərinə namizədi Məşhur Məmmədov Azərbaycanda həyata keçirilən uğurlu sosial siyasətin mahiyyətindən bəhs edərək, dövlət siyasətinin mərkəzində ölkə vətəndaşlarının rifahı və mənafeyinin dayandığını bildirib: "Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində, ölkəmizdə bütün sahələri, o cümlədən, respublikamızın bölgələrinin də sosial-iqtisadi inkişafı xüsusi diqqət mərkəzindədir. Bu proqramlar çərçivəsində Masallıda da böyük quruculuq işləri həyata keçirilir".
Məşhur Məmmədov çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hərtərəfli islahatların həyata keçirildiyini diqqətə çatdıraraq bildirib ki, bu islahatlar ölkəmizin daha yüksək nailiyyətlər əldə etməsinə müsbət təsirini göstərəcək.
Deputatlığa namizəd seçiciləri parlament seçkilərində daha güclü Azərbaycan naminə YAP-ın namizədlərinə səs verməyə çağırıb.
Görüşdə çıxış edən seçicilər YAP Masallı rayon təşkilatının sədr müavini Səfalı Paşayev, Hacı Rəbbi, Zəfər Əhmədov, Mirzağa Süleymanov və başqaları fevralın 9-da Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bəyan ediblər və qeyd ediblər ki, artıq seçimimiz bəllidir - YAP-ın parlament seçkilərinə namizədi Məşhur Məmmədovdur.
RƏFİQƏ HÜSEYNOVA