Bu gün Mərkəzi Seçki Komissiyası ilə Bakı Şəhər Baş Polis İdarəsinin birgə təşkilatçılığı ilə Polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr olunmuş seminar-müşavirə keçirilib. SİA-nın məlumatına görə tədbirdə Mərkəzi Seçki Komissiyasının nümayəndələri, Daxili İşlər Nazirlinin nümayəndələri, Dairə seçki komissiyasının sədrləri, Şəhər Polis İdarəsinin nümayəndələri iştirak ediblər.
Təbirdə Mərkəzi Seçki Komissiyasının üzvü İlham Məmmədov seçki qanunverciliyi, seçki komissiyalarının sistemi, seçki prosesi, onun mərhələləri və müddətləri, seçki komissiyaları və polis orqanlarının birgə fəaliyyəti əsasları mövzusunda çıxış edib.
Daha sonra Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev seçki kampaniyası dövründə və seçkilərin keçirildiyi gün ictimai qaydanın təmin edilməsi ilə bağlı polis əməkdaşlarının hüquq və vəzifələri, seçkilərdən sonrakı dövrdə seçki bülletenlərin və digər seçki sənədlərinin dairə və Mərkəzi Seçki Komissiyasına gətirilməsi zamanı təhlükəzilik tədbirlərinin görülməsi mövzusunda çıxış edib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin müdiri İlqar Əlizadə isə seçki subyektləri, onların hüquq və vəzifələri, seçki subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələrin yolverilməzliyi mövzusunda danışıb.
Qeyd edək ki, tədbirdə ATƏT-in Beynəlxalq Müşahidəçilər Missiyasının nümayəndələri də iştirak ediblər.
Sonda tədbir müzakirə və sualların cavablandırılması ilə başa çatıb.