Prezident İlham Əliyev: "Yalnız iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilər"
Bu, realllıqdır. Hər bir xalqın dünyada tanınmasında, uğurlar əldə etməsində və təbii ki, dünyada cərəyan edən qlobal proseslərin öndə gedənlərinə çevrilməsində liderlərin xüsusi əhəmiyyəti mövcuddur. Liderlik amili elə şəxsiyyətlərə aid olunur ki, onlar xalqın və dövlətin maraqlarını müdafiə etməklə yanaşı, həm də inkişaf etdirir. Məhz bu kimi önəmli faktorun təhlilini apararkən, Azərbaycanın bu siyahıda birinci olması şəksizdir. Çünki Azərbaycanın inkişaf və tərəqqi, eləcə də, xalqın rifahı faktorunda Azərbaycan Prezidenti İlham Əliyev liderliyi amili mövcuddur. Artıq 16 ildən çoxdur ki, Azərbaycan xalqının etimadı əsasında ölkəyə rəhbərlik edən Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu şaxələndirərək, uğurla reallaşdırması nəticəsində, perspektiv baxımdan əhəmiyyətli nəticələrin əldə olunmasında öz uğurlu sözünü deyir. Məhz Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi və siyasi islahatlar müasir Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirib, regional gücünü və qlobal əhəmiyyətini kifayət qədər artırmış olub.
"Azərbaycanın vahid və dayanıqlı dünyada rolu"
Bu günlərdə dövlətimizin başçısı İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı və ən əsas məqam isə zirvə toplantısından bir neçə gün öncə Davos İqtisadi Forumunun rəsmi saytında Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycanın vahid və dayanıqlı dünyada rolu" sərlövhəli məqaləsinin yerləşdirilməsi, bir daha onu sübut edir ki, Azərbaycan güclü dövlətdir. Çünki Azərbaycan son 16 il ərzində yüksək iqtisadiyyata uğurlu islahatları ilə nail olub. Və bu gün bu islahatların nəticəsində xarici investisiyaları cəlb etməyə nail olub.
Prezident İlham Əliyev məqaləsində "Doing Business 2009" və "Doing Business 2019" hesabatlarında dünyanın lider islahatçı ölkəsi kimi tanındırtdığının qeyd edir. Bildirir ki, Azərbaycanda gerçəkləşdirilən islahatlar nəticəsində 2007-ci ilin əvvəli ilə müqayisədə 2019-cu ildə ölkə iqtisadiyyatının həcmi 80 faiz, o cümlədən, qeyri-neft sektorunun həcmi 2,1 dəfə, strateji valyuta ehtiyatları 13 dəfə artıb, ölkədə yoxsulluq səviyyəsi 4 dəfədən çox, işsizlik səviyyəsi isə əhəmiyyətli dərəcədə azalaraq 4,9 faizə çatıb. Bu dövrdə respublikamız iki dəfə "Doing Business 2009" və "Doing Business 2019" hesabatlarında dünyanın lider islahatçı ölkəsi olaraq tanınıb.
Məqalədə, həmçinin, diqqətə çatdırılır ki, 2007-ci ildən keçən dövr ərzində ölkəmizə 111 milyard ABŞ dollarından çox xarici investisiya cəlb olunub ki, bu da iqtisadiyyatın bütün sahələrində irəliləyişləri təmin edib. Nəticə etibarilə, Davos İqtisadi Forumunun açıqladığı "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın mövqeyi 2006-2007-ci ildə 64-cü yerdə idisə, 2017-2018-ci ildə 137 ölkə arasında 35-ci yerə qədər yüksəlməklə, 2019-cu ildə "Əhalinin elektrik təchizatı səviyyəsi" üzrə dünyada 2-ci yer tutan ölkələr sırasında, "Hökumət tənzimləməsinin yükü" və "Əcnəbi işçilərin işə qəbulunun asanlığı" üzrə 3-cü yerdə, "Hökumətin dəyişməyə cavabdehliyi" üzrə 5-ci yerdə, "Biznesə başlama üçün tələb olunan günlərin sayı" üzrə 8-ci yerdə, "Hökumətin uzunmüddətli strategiyası" üzrə isə 10-cu yerdə qərarlaşıb.
Budur, güclü dövlət, güclü iqtisadiyyat. Məhz güclü iqtisadiyyatın real nəticəsidir ki, Azərbaycan "Doing Business 2020" hesabatı üzrə dünyada 191 ölkə arasında 34-cü yerdə qərarlaşıb.
Göründüyü kimi, Azərbaycan Prezidenti ənənəvi Davos İqtisadi Forumuna hər zaman mühüm önəm verib, forum çərçivəsində keçirdiyi görüşlərdə ölkəmizin regionda həlledici mövqeyə malik aparıcı dövlət kimi tanınmasında əhəmiyyətli rol oynayan məqamlara toxunub. Bir sözlə, Prezident İlham Əliyev Davosda keçirilən gürüşlər zamanı etdiyi çıxışlarda, verdiyi müsahibələrdə təkcə mövcud iqtisadi potensialımız haqda deyil, eyni zamanda, Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın işğalı ilə ölkə iqtisadiyyatına vurulmuş ziyanla bağlı da iştirakçıları ətraflı şəkildə məlumatlandırıb.
Güclü iqtisadiyyata malik olan dövlət hər şeyə qadirdir
Ümumiyyətlə, Azərbaycan hökumətinin yürütdüyü müstəqil siyasət həmişə birmənalı olub- güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah. Bax, bu prinsiplərin vəhdəti bu gün Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir. Nəticə göz qabağındadır.
Ölkə Prezidenti dəfələrlə çıxışlarında vurğulayıb ki, Azərbaycan dövləti öz işlərini möhkəm əsaslar üzərində qurur və dövlət iqtisadiyyatı bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirir. Bununla bərabər, sosial məsələlərin həllinə çox böyük diqqət göstərir. Məhz bunun nəticəsində Azərbaycanda sabitlik, əmin-amanlıq hökm sürür, xalq-iqtidar birliyi gündən-günə möhkəmlənir.
Bütün bunlar, onu deməyə əsas verir ki, zəngin təbii ehtiyatlara malik olan, əlverişli coğrafi-siyasi məkanda yerləşən Azərbaycanın beynəlxalq aləmlə əməkdaşlığa töhfələri davamlıdır və yüksək dəyərləndirilir. Şübhə yoxdur ki, Forumdakı müzakirələrdə əldə edilən nəticələr əsasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycanda müstəqil dövlət quruculuğu prosesinə təsirli təkan verən faktorlardan olacaq. Bir sözlə, Azərbaycan bu uğurlu inkişafla daha böyük nailiyyətlərə nail olacaq.
Prezident İlham Əliyev son müşavirədə 2020-ci ilin daha uğurlu il olacağını deyərək bildirib ki, Azərbaycan daha güclü dövlətə çevriləcək.
"2020-ci ildə Azərbaycan daha güclü dövlətə çevriləcək"
Prezident İlham Əliyevin müşavirənin yekununda söylədiyi fikirlərdə isə, 2020-ci ildən gözləntilər əksini tapıb. Dövlət başçısı qeyd etdi ki, 2020-ci il də uğurla başlayıb: "Bir neçə gün əvvəl, Bakıda iki böyük investorla iki layihə imzalanıb, İcra Müqaviləsi imzalanıb. Bu, bərpa olunan enerji növlərinin yaradılması istiqamətində çox önəmli addımdır. İki böyük elektrik stansiyası tikiləcək - biri külək, biri Günəş. Bu hadisənin önəmi ondadır ki, vəsaiti investorlar qoyacaqlar. Yəni bu, bizə göstərilən inamdır, Azərbaycanın uzunmüddətli inkişafına göstərilən dəstəkdir. İki stansiyanın istehsal gücü 440 meqavat olacaqdır. Bu, çox böyük stansiyalardır, regionda ən böyük Günəş və külək elektrik stansiyalarıdır. Biz özümüz də bərpa olunan enerji növlərini yaradırıq, 50 meqavatlıq stansiya inşa edildi. İndi 84 meqavatlıq stansiyanın layihələndirmə işləri tamamlanır, bunu da, biz edəcəyik. Bizim enerji balansımızda bərpa olunan enerjinin payı hazırda təqribən 17-18 faizdir. Bizim uzunmüddətli strategiyamıza görə, biz bunu, ən azı, 30 faizə çatdırmalıyıq. Onu da bildirməliyəm ki, müsabiqədə 9 şirkət iştirak etmişdir. Yəni özü də 9 ən böyük şirkət Azərbaycana bərpa olunan enerjini istehsal etmək üçün vəsait qoymağa hazırdır. Sadəcə olaraq, iki şirkət seçildi, hansıların ki, şərtləri daha yaxşı idi. Ancaq o demək deyil ki, qalan şirkətlər kənarda qaldılar, biz onları da dəvət edirik. Qoy onlar öz təkliflərinə bir daha baxsınlar, şərtləri bizim üçün, ölkəmiz üçün daha məqbul etsinlər və buyursunlar, onlar üçün Azərbaycanda kifayət qədər yer var. Allaha şükür, Azərbaycan həm Günəşlə, həm küləklə zəngin ölkədir, müasir enerji infrastrukturu var. Yenə də Davosun hesabatında enerjinin əlçatanlığına görə, Azərbaycan dünyada ikinci yerdədir. İxracımız da var, keçən il 60 milyon dollardan çox ixrac etmişik. Ona görə, əminəm ki, bərpa olunan enerji növlərinin yaradılması bizim üçün növbəti prioritet sahə olacaq. Nazirlər Kabinetinə tapşırıram ki, müsabiqədə iştirak etmiş şirkətlərin təkliflərinə baxılsın, onlar dəvət olunsun, onlarla fərdi qaydada danışıqlar aparılsın və onlar da oxşar layihəni Azərbaycanda icra etsin. Bir sözlə, əminəm ki, bu il Azərbaycan uğurla inkişaf edəcək. 2020-ci ildə Azərbaycan daha güclü dövlətə çevriləcək".
RƏFİQƏ KAMALQIZI