Səhiyyə Nazirliyindən koronavirusla bağlı tövsiyyə

29 Yanvar 2020 17:08 (UTC+04:00)

Ümumdünya Səhiyyə Təşkilatı, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirus ilə bağlı tövsiyə yayınlayıb. SİA-nın verdiyi məlumata görə, Səhiyyə Nazirliyinin rəsmi saytında yayınlanan tövsiyədə bəzi primitiv təmizlik qaydalarına və qida təhlükəsizliyi ilə bağlı bir sıra maddələrə riayət olunması göstəriş verilib.

Həmçinin, heyvanlar və heyvan məhsulları ilə işləyərkən qoruyucu xalat, əlcək və qoruyucu maska (üz qoruyucusu) taxılması, ət məhsullarını və yumurtanı tam bişirmək, vəhşi və ya ferma heyvanları ilə təmasdan çəkinmək , heyvanlara və heyvan məhsullarına toxunduqdan sonra əlləri sabun və su ilə yumaq tövsiyə olunub. Eyni zamanda diqqətə çatdırılır ki, ət məhsulları əsaslı-tam bişirildikdə və qida hazırlanması düzgün aparıldıqda onlar etibarlı sayıla və istehlak edilə bilər.

Xatırladaq ki, Azərbaycanda yeni 2019-nCoV koronavirus şübhəsi olan xəstə aşkarlanmayıb. Bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

O bildirib ki, əgər belə hal aşkar olunsa belə nəzərdə tutulan tibb müəssisələrində lazımi şərait yaradılıb. Həmçinin mərkəzi rayon xəstəxanalarında da palatalar ayrılıb. Lazımi dərman preparatları və digər ləvazimatlarla təminat yüksək səviyyədə təşkil olunub.

Nigar MƏMMƏDOVA