"Ölkədə mövcud olan seçki mühiti əvvəlkilərdən xeyli irəli gedib" ÖZƏL -MÜNASİBƏT

29 Yanvar 2020 16:27 (UTC+04:00)

Parlament seçkilərə qatılan bəzi siyasi partiyalar (Müsavat, REAL) və şəxslər təbliğat-təşviqat mərhələsində bir sıra pozuntuların olmasını iddia edirlər. Bu iddialar sırasına bərabərlik prinsipinin pozulması, görüşlərin təşkilində inzibati resurslardan istifadə olunması, seçicilərlə görüşlərə maneçilik törədilməsi, plakatların cırılması, seçicilərin ələ alınması və s. daxildir.

Məsələ ilə bağlı SİA-ya açıqlama verən siyasi ekspert Mais Səfərli bildirib ki, bu gün ölkədə mövcud olan seçki mühiti əvvəlkilərdən də xeyli irəli gedib və normal şərait yaradılıb: “Sadəcə olaraq bu bəyanatı yayanlar radikal müxalifətə aid olan şəxslərdir. Təbii ki, bu da hər kəsə aydındır. Çünki onlar heç vaxt cəmiyyətdə heç bir şeyi qəbul etməyiblər. Onlar həmişə ağa-qara deyiblər və görünən işlərə ləkə yaxıblar. Yəni mən onlardan doğru-düzgün heç bir açıqlama, bəyanat gözləmirəm. Onlar seçki prosesinə qatılanda və bu proses irəlilədikcə görürlər ki, bunların gücü və dəstəkçiləri yoxdur. Hətta təbliğat-təşviqat kampaniyasında, görüşlərdə görürlər ki, Yeni Azərbaycan Partiyasının və bir sıra digər bitərəflərin kampaniyası kimi bunların kampaniyası normal getmir. Yəni onlara seçicilər maraq göstərmir və görüşlərə gələn olmur. Sadəcə olaraq bunlar məhlə-məhlə gəzirlər, 3-5 adamın diqqətini cəlb edərək şəkillər çəkdirirlər. Əslində heç bu seçki kampaniyası belə deyil. Bu mənada onlar özlərini məğlubiyyətdən sığortalamaq üçün bu səpkili bəyanatlar verirlər. Digər tərəfdən də radikal müxalifət hər zaman Azərbaycanı istəməyən bəzi beynəlxalq təşkilatlardakı dairələrin diqqətini cəlb etmək üçün həmişə ölkəmizdəki prosesləri neqativ bir rəngdə göstərməyə çalışır, bəyanatlarında Azərbaycanda guya insan haqlarının pozulması, demokratiyanın az olması ilə bağlı fikirlər səsləndiriblər. Təbii ki, bu da Azərbaycan xalqının maraqlarına uyğun deyil. Düşünürəm ki, onlar bu illər ərzində necə fəaliyyət göstərirlərsə, normal bir seçki kampaniyası da apara bilmirlər. Bunun da yalnız bir səbəbi var o da onlar heç vaxt öz sıralarında islahatlar aparmayıblar, yenilənməyiblər”.