“Bayatı Şiraz” muğamı təqdim ediləcək

29 Yanvar 2020 17:22 (UTC+04:00)

Yanvarın 31-də Beynəlxalq Muğam Mərkəzinin solistləri Almaxanım Əhmədli, Səbinə Ərəbli və Hüseyn Məlikovun ifasında “Bayatı Şiraz" muğamı təqdim ediləcək. SİA-nın məlumatına görə, tədbir Beynəlxalq Muğam Mərkəzinin “Muğam axşamları” layihəsi çərçivəsində reallaşacaq.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də “Muğam axşamları” layihəsidir. Bu layihə çərçivəsində tanınmış ifaçılar tərəfindən muğamlar, xalq mahnıları və təsniflər səsləndirilib. Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar böyük maraq göstərməkdədir. Təqdim edilən konsertlərdə bu günə kimi tanınmış, görkəmli xanəndələrimizin ifasında əsas muğamlarımız təqdim edilib.

Layihənin konsertlərinə biletləri şəhərimizin kassalarından, “ASAN xidmət” mərkəzlərindən və iticket.az saytından əldə etmək olar.