Xalq şairi Cabir Novruzun yaradıcılıq gecəsi keçirilib

29 Yanvar 2020 16:05 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ə.Əmirov adına Mədəniyyət Sarayı Qaradağ Rayon İcra Hakimiyyəti və Cabir Novruz Fondunun birgə təşkilatçılığı ilə Xalq şairi Cabir Novruzun yaradıcılıq gecəsini keçirib. SİA-nın məlumatına görə, tədbir Ə.Əmirov adına Mədəniyyət Sarayında təşkil edilib.

Gecədə çıxış edən natiqlər unudulmaz şairin həyat və yaradıcılığından danışıblar. Bildirilib ki, C.Novruz ədəbiyyat aləminə gəldiyi ilk illərdən yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şeirləri ilə oxucuların dərin məhəbbətini qazanıb. Onun qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir. Şairin yüksək mənəviyyata səsləyən yaradıcılığı və vətəndaş ruhunun hakim olduğu poeziyası öz dilinin bədii gözəlliyi və rəvanlığı ilə səciyyələnir. Onun sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanıb.

Tədbirin bədii hissəsində “Dan ulduzu” instrumental ansamblının müşayiəti ilə respublikamızın sevilən müğənniləri şairin şeirlərinə bəstələnmiş mahnılar ifa ediblər.