Bu müharibə “təmiz əllərlə” aparılır: İnformasiya müharibəsi

29 Yanvar 2020 14:18 (UTC+04:00)

Hələ dünyada media sahəsində əsas nailiyyətlər əldə olunmamışdan əvvəl müəyyən bir ərazidə baş verən silahlı qarşıdurmalar, münaqişələr və müharibələr kütləviləşmirdi. Buna səbəb isə mətbuatın əlində lazımi imkanların olmaması idi.

Kütləvi informasiya vasitələri silahlı münaqişələrin tənzimlənməsində iştirak edən beynəlxalq təşkilatlar üçün istiqamətləndirici rol oynayır, beynəlxalq təşkilatların yanaşma tərzinə və qərarlarına birbaşa təsir edir. Qlobal arenada media nəinki cəmiyyətin fikirlərinə, həmçinin dövlət strukturlarına rəhbərlik edən siyasi şəxslərin də qərarlarına birbaşa təsir edə bilir. Bunun ilk nümunəsi 1895-ci ildə Kubada İspaniya ağalığına qarşı edilən çıxışları misal göstərmək olar. Bu ərəfədə Uilyam Rendolf Herstin təsisçisi olduğu “New York Journal” müharibəni dəstəkləyən materiallar dərc etməyə başladı. Qəzetdə dərc olunan yazılar müəyyən qədər sensasiya xarakteri daşıyırdı. Qəzetin daha çox satılmasına hesablanmış bu taktika Amerikanı İspaniya ilə müharibəyə sövq etdi. Bu hadisələrdən sonra “sarı mətbuat” termini meydana gəldi.

Xüsusilə, ABŞ-ın informasiya müharibəsi sahəsində apardığı siyasət təqdirə layiq hesab edilə bilər. II Dünya Müharibəsindən sonra dünya “Soyuq müharibə” meydanına çevrilmişdi. 1947-ci ildə Corc Marşal tərəfindən cızılan “Marşal planı” ilə başlayan bu müharibə XX əsrin 80-ci illərində özünü informasiya müharibəsi kimi ABŞ hərbi nəzəriyyəçilərinin fəaliyyətində göstərməyə başladı. 1991-ci il yanvarın 16-dan 17-nə keçən gecə şərti adı “Səhrada tufan” əməliyyatından sonra isə geniş tətbiq edilməyə başlandı. Bu bir həqiqətdir ki, hər hansı ölkənin hərbi strukturu və fəaliyyəti haqqında məlumatlar nə qədər qorunsa və gizli qalsa, həmin ölkə öz hərbi strategiyasını daha rahat şəkildə apara bilər. Bu məqsədlə hazırda ABŞ ordusunda xidmət edən xüsusi informasiya qoşunları mövcuddur.

ABŞ ordusunun nizamnaməsində informasiya müharibəsi mənsub olduğun orduya məxsus informasiyanın və informasiya şəbəkələrinin müdafiəsini təmin etməklə və düşmənin informasiya sisteminə təsir etmək yolu ilə milli strategiyanın maraqları baxımından informasiya üstünlüyünə nail olmaq üçün həyata keçirilən fəaliyyət kimi müəyyən edilib. İnformasiya müharibəsinin adi müharibədən bir çox üstün tərəfi var. İlk növbədə müharibə “ağ əlcəklərlə” aparılır. Yəni, aparılan informasiya müharibəsinin nəticəsi olaraq hər hansı şəxsin, qrupun, ümumilikdə cəmiyyətin zərər görməsində heç kəsi günahlandırmaq olmaz. İnformasiya müharibəsi ən faciəvi real münaqişə ilə belə nəticələnsə bu müharibə beynəlxalq hüquqla nizama salınmır. Digər tərəfdən bu müharibə adi müharibəyə nisbətən daha ucuz başa gəlir. İnformasiya müharibəsini başladan ölkə və onun vətəndaşları üçün bu ənənəvi müharibədən daha az təhlükəli olur. Çünki informasiya müharibəsi onun əleyhinə aparılan insanlar üçün tam aydın olmaya bilər. Ortada heç bir zorakılıq, təzyiq və ya dağıntı aktı olmadan əhali hətta təsirə məruz qaldığını belə hiss etməz. Belə olduğu halda özünümüdafiə aktı da həyata keçirilmir. Bütün bunları nəzərə alaraq, nəticədə informasiya müharibəsinin adi müharibəyə nisbətən daha dağıdıcı effektlərinin olduğu nəzərə çarpır. Bu yolla istənilən cəmiyyətə, cəmiyyətarası münasibətlərə, dövlətin ümumi strukturuna təsir etmək mümkündür.

Bu gün dünyanın bir çox nüfuzlu media korporasiyaları müharibə və ya müxtəlif münaqişə ocaqlarından canlı şəkildə bağlantı quraraq silahlı qarşıdurmaları bütün detallarına qədər yayımlayırlar. Bu görüntülər çox vaxt cəmiyyətdə psixoloji sarsıntılar yaradır və eyni zamanda bunlar münaqişənin gedişatına neqativ təsir göstərə bilir.

1990-1991-ci illərdə baş verən “Körfəz müharibəsi” tarixdə ilk dəfə televiziya vasitəsilə canlı yayımlanan müharibə hesab olunur. “CNN”- in müxbirləri Bernard Şou, Con Holliman və Piter Arnett müharibə zamanı baş verənləri canlı bağlantı ilə birbaşa yayımlayır və günlərlə hadisələri şərh edirdilər. Müharibənin dəhşətlərini anbəan izləmək insanlara həddən artıq mənfi təsir göstərirdi. Hətta bu tip görüntülər siyasətçilərin fikirlərinə daha çox təsir edir və onların gözlənilməz qərarlar vermələrinə səbəb olurdu. Təbii ki, ani verilmiş qərarlar çox vaxt münaqişənin həllinə müsbət təsir göstərmirdi. Həmin vaxtlar bu proseslərlə əlaqədar “CNN effekti” adlandırılan bir termin yarandı. Lakin bir müddət sonra “CNN”-ə rəqiblər çıxmağa başladı və “BBC”, “MSNBC”, “Fox News” kimi nəhəng telekommunikasiya vasitələri də eyni yolu davam etdirərək canlı yayım vasitəsilə dünyanın müxtəlif yerindən silahlı münaqişələri yayımlamağa başladılar.

Hərbi əməliyyatlarla bağlı olmayan mümkün iqtisadi və maliyyə təzyiqi məqsədi ilə həyata keçirilən tədbirləri də informasiya müharibəsində mühim mexanizm kimi misal göstərmək olar. Yaxın keçmişdə İranın nüvə proqramı və fəaliyyəti beynəlxalq ictimaiyyət tərəfindən geniş müzakirələrə səbəb olmuşdu. ABŞ, Böyük Britaniya, Fransa, Çin və Rusiya üstəgəl Almaniyadan ibarət “P5+1” qrupu İrandan həssas nüvə fəaliyyətini yavaşlamasını tələb edirdi. Razılığa gəlmək istəməyən İrana qarşı ABŞ və Avropa İttifaqı nüvə proqramı ilə bağlı olaraq beynəlxalq, milli iqtisadi və maliyyə sanksiyaları tətbiq etdilər. Digər tərəfdən dünya mediasının İranın tutduğu siyasətə qarşı nüfuzdan salıcı tənqidləri də səngimək bilmədi. İqtisadiyyatı ağır vəziyyətə salınmış İran beynəlxalq sanksiyaların qaldırılmasını tələb etsə də, yalnız nüvə proqramı ilə bağlı tələb edilən öhdəlikləri yerinə yetirdikdən sonra ABŞ və Aİ İrana qarşı tətbiq edilən sanksiyaların ləğv edildiyini bəyan etdilər.

Media çox vaxt insanların şüuruna psixoloji vasitə kimi təsir edir. Çünki kütləvi qınaq obyekti olmaq istənilən dövləti və onun hakimiyyət strukturlarını beynəlxalq aləmdə nüfuzdan salır. Hazırda kütləvi informasiya və kommunikasiya vasitələri istifadə edə bilən dövlətlərin əlində çox güclü silahdır. Onun gücü ilə istənilən sosial, siyasi və iqtisadi məsələlərin müsbət həllinə nail olmaq mümkündür.

Nigar MƏMMƏDOVA