"Çindəki Azərbaycan vətəndaşlarının vətənə qaytarılması diqqət mərkəzindədir" - AÇIQLAMA

29 Yanvar 2020 13:54 (UTC+04:00)

"Bildiyiniz kimi, Çinin Vuhan şəhərində koronovirusun yayılması ilə Azərbaycanlı tələbələrin Çindən təxliyə olunması məsələsi gündəmdədir". Bununla bağlı SİA-ya açıqlama verən Azərbaycan Respublikasının təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, hazırda bu məsələ dövlətin diqqət mərkəzindədir.

“Burada söhbət təkcə bizim tələbələrdən getmir. Virusun yayılması ilə bağlı dövlət tərəfindən müvafiq tədbirlər görülür ki, ölkəyə bu virus daxil olmasın. Cənab Prezidentin tapşırığı ilə Çində qalan soydaşlarımızla bağlı məsələ ilə XİN məşğul olur”, deyə nazir müavini qeyd edib.

F.Qurbanov bildirib ki, hazırda Azərbaycanın Çinə birbaşa uçuşları dayandırılıb. “Ona görə də soydaşlarımızın vətənə qaytarılması üçün alternativ variantlar üzərində araşdırmalar aparılır”.

Nazir müavini vurğulayıb ki, həmin vətəndaşların Azərbaycana qaytarılması zamanı virusun yoxlanılması və müvafiq tədbirlərin görülməsi üçün də hazırlıqlar aparılır.