Lənkəran teatrında yeni tamaşanın məşqləri gedir

29 Yanvar 2020 12:19 (UTC+04:00)

Lənkəran Dövlət Dram Teatrında yeni tamaşanın məşqlərinə start verilib. Teatrın ədəbi-dram hissə rəhbəri Ağaddin Babayevin SİA-ya verdiyi məlumata görə, bu, fransız dramaturqu Marsel Berkye-Marinyenin "Oğru" komediyası əsasında hazırlanan tamaşadır.

Kasıb bir fransız ailəsinə xas olan klassik üçlük - ər, arvad və onun məşuqəsi arasındakı münasibətlərdən bəhs edən səhnə əsərinin quruluşçu rejissoru, əməkdar incəsənət xadimi Oruc Qurbanov, səhnə tərtibatçısı rəssam Tərlan Sadıxov, musiqi tərtibatçısı Miranda Qurbanovadır.

Əməkdar artist Sucəddin Mirzəyev, Aynur Əhmədova, Sayad Əliyev və Nizami Qurbanovun rol aldıqları bu tamaşanın martın birinci ongünlüyündə təhvil veriləcəyi nəzərdə tutulub.

A.Babayev əlavə edib ki, cari mövsümdə teatrda həmçinin Xanımana Əlibəylinin 100 illik yubileyinə töhfə olaraq onun “Ləpələrin nağılı”, türk yazarı Suat Dərvişin “Fosforlu Cevriyyə” və Əli Əmirlinin “Hasarın o üzü” əsərlərini də hazırlamağı planlaşdırılıb.

Sərraf Talıbov