"Ermənistan ciddi şəkildə bunun üzərində düşünməlidir" ÖZƏL-MÜNASİBƏT

29 Yanvar 2020 11:39 (UTC+04:00)

"Davosun dünya iqtisadiyyatında yeri və rolu bəllidir. Çox mühüm bir meydançadır. Burada Azərbaycanın iştirakı ölkəmizin artan iqtisadi potensialından xəbər verir. Eyni zamanda Davos İqtisadi Forum olsa belə siyasi proseslərə də münasibət bildirib təsirini göstərən bir qurumdur". Bunu SİA-ya açıqlamasında politoloq Nadir Şəfiyev deyib.

"Burada təmsil olunan dövlətlər də dünyanın həm də siyasi xəritəsini müəyyənləşdirən dövlətlərdir. Bu baxımdan həm də Azərbaycanın siyasi nüfuzunun artması siyasi çəkisinin nə dərəcədə yüksək olmasının göstəricisidir. Eyni zamanda müzakirə olunan məsələlərdə Azərbaycanın mövqeyinin nəzərə alınması da günü-gündən bizim mövqeyin dünyada, dünya sistemində istər siyasi, iqtisadi, hərbi və s. nüfuzumuzun artmasının göstəricisidir. Cənab Prezidentin Davosdakı çıxışına gəlincə bu, Azərbaycanın nə dərəcədə müstəqil bir dövlət olduğunu, müstəqil siyasət həyata keçirdiyini və nə dərəcədə öz qüvvəsinə, işinə, siyasətinə inanmasının göstəricisi idi. Bu baxımdan Davosda Azərbaycan bir daha özünün o güclü mövqelərini göstərdi, dünya siyasətində oynadığı rolu bir daha təsdiqlətdi. Düşünürəm ki, Ermənistan ciddi şəkildə bunun üzərində düşünməlidir”, - deyə, politoloq fikrini tamamlayıb.