Zaqatala və Balakən seçiciləri Kamilə Əliyevanı dəstəkləyir

28 Yanvar 2020 19:08 (UTC+04:00)

111 saylı Zaqatala-Balakən Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Kamilə Əliyevanın təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Deputatlığa namizəd Kamilə Əliyeva növbəti görüşünü Zaqatalanın təhsil işçiləri və Balakənin Kortala kənd sakinləri ilə keçirib.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyasının Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov, son 16 il ərzində ölkədə görülən işlərdən və həyata keçirilən uğurlu siyasətdən danışıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurlu dinamik inkişafını qeyd edərək, ölkəmizdə beynəlxalq layihələrlə yanaşı, ölkə daxilində həyata keçirilən sosial, aqrar və sənaye layihələrinin də uğurla icra edildiyini görüş iştirakçılarının diqqətinə çatdırıb.

Görüşdə öz fəaliyyəti barəsində məlumat verən deputatlığa namizəd Kamilə Əliyeva bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində, dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub: "Aparılan uğurlu islahatlar nəticəsində, dövlətimiz gündən-günə inkişaf edir, iqtisadiyyatımız güclənir, insanların rifah halı yaxşılaşır. İslahatlar ölkə vətəndaşının sosial durumunu xeyli dərəcədə yüksəldib, rayonlarda müasir infrastrukturlar yaradılıb. O cümlədən, ölkənin hər yerində olduğu kimi, Zaqatala və Balakən rayonları da abadlaşıb və inkişaf edib. Təbii ki, bütün bunlar Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilib".

Kamilə Əliyeva qeyd edib ki, mövcud inkişaf qarşıdakı illərdə daha geniş vüsət alacaq: "Seçicilərdən aldığım güc mənə enerji verir, qələbəyə yaxın olduğuma inam yaradır. Təbii ki, mənə ən doğma olan seçicilərimdən xoş sözlər eşitmək, dəstəklərini hiss etmək fərqli bir duyğudur".

Görüşlərdə seçicilər Yeni Azərbaycan Partiyasının siyasi xəttini dəstəkləyərək, deputatlığa namizəd Kamilə Əliyevaya yekdilliklə səs verəcəklərini bildiriblər.

Zümrüd BAYRAMOVA