Paşinyanın nüfuzu - 0! - TƏHLİL

28 Yanvar 2020 18:42 (UTC+04:00)

Yaxud erməni xalqının 51 faizi qanacaqsız və savadsız olmasının səbəbi...

2020-ci il də Ermənistanın baş naziri Nikol Paşinyanın həyatına elə ilk gündən uğursuz il kimi daxil olub. Bunun səbəbi də nə birdir, nə ikidir, nə üçdür... Ermənistanda ictimai fikirlər get-gedə baş nazir Nikol Paşinyanın əleyhinə çevrilməkdədir. Xalq keçmiş hakimiyyətə qarşı etiraz dalğası üzərində baş nazir postuna gələn N.Paşinyanı verdiyi vədləri yerinə yetirməməkdə, ölkəni lazımınca idarə etmək əvəzinə, şəxsi ambisiyalarını həyata keçirməkdə, ölkə həyatının heç bir sahəsində irəliləyişə nail olmamaqda, əksinə, xalqın güzəranının daha da pisləşməsində ittiham edir. Bütün bunlar, bir tərəfdən Paşinyan hökumətinə qarşı etimadsızlığın artmasına, digər tərəfdən ölkədə narazılığın pik həddə çatmasına səbəb olur. Son nəticə isə, Paşinyanın ölkə ictimaiyyəti qarşısında nüfuzunu itirməsi olur.

Vəziyyət elə bir duruma gəlib çıxıb ki, artıq bunu səbatsız və səriştəsiz baş nazirin özü də etiraf etmək zorunda qalıb. Elə bu günlərdə "Yerkramas" informasiya agentliyində Paşinyan özü ölkədəki neqativ hallara görə xalqın ittihamlarından şikayətlənərək, səbəblərini də bir-bir açıqlayır. Bu yerdə Paşinyan bilməli idi ki, haqq nazilər, amma üzülməz. Əgər o, verdiyi vədlərini yerinə yetirə bilmədiyinə, xalqın ittihamlarına məruz qalsa və yaxud müəyyən etiraflarda bulunsa da, müxtəlif siyasi simuliyasiyalar vasitəsi ilə həyasızcasına ittihamlara da cavab verir: "Əvvəlcə ölkə müxalifəti məni və bizim hökuməti Qarabağı satmaqda ittiham edirdilər. Sonra belə bir tezis ortaya atıldı ki, guya mən Qarabağ əleyhinə fəaliyyətlə məşğulam, planlaşdırılmış müharibə nəticəsində, Qarabağı təhvil verəcəyəm. Bu tezis parlament seçkiləri zamanı dövriyyəyə buraxıldı. İndi isə başqa tezislə çıxış edirlər, guya hökumət və şəxsən baş nazir olaraq mən güzəştə getmirəm, bu isə, o deməkdir ki, danışıqlar dalana dirənib. Müxalifət xalq arasında mənə qarşı nifrət yaratmaqla məşğuldur. Hətta artıq xalqı müharibə ilə qorxudurlar, bu mövzu ətrafında təbliğat aparılır".

Paşinyanın, bu açıqlaması ilə bir daha göstərir ki, o. laxlamış hakimiyyətini qorumaq üçün xalqın gözündə özünə haqq qazandırmaq istəyir. Üstəlik, bu zaman əsas vurğunu Qarabağ problemi üzərinə qoyur, ölkə daxilindəki sosial-iqtisadi problemlərdən, xalqın güzəranının pisləşməsindən, əsgər və şəhid analarının ölkəni bürümüş etirazlarından, ümumiyyətlə, danışmır. Bu isə Paşinyanın da, özündən əvvəlki hakimiyyət kimi, xalqın başını Qarabağ problemi ilə qatmaq istədiyini göstərir. O, hətta özünü xalqa "əsl qəhrəman" kimi təqdim etməklə, "görürsünüzmü, mən Qarabağı vermirəm..." kimi sərsəm fikirlər də söyləyir.

Paşinyana vurulan ən ağır zərbə - Azərbaycanın qüdrətli realllığı

Dağlıq Qarabağ problemi ilə bağlı əsas zərbələri də Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevdən aldı. Belə ki, Azərbaycan lideri ona Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında ikinci ağır zərbəsini vurdu. Azərbaycan Prezidenti Ermənistanda faşizmin qəhrəmanlaşdırılması ilə bağlı cəsarətli fikirlərini irəli sürərək, bəyan etdi ki, Yerevanın mərkəzində faşist cəlladı və satqın Qaregin Njdeyə, təxminən, 6 metr hündürlüyündə heykəl qoyulub. Bu satqın vaxtilə alman faşistlərinə xidmət etmiş, hətta SSRİ vətəndaşlarına arxadan zərbə vurmuş, əli minlərlə günahsız insanın qanına batmış Qaregin Ter-Arutyunyandır. Hətta MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etiraz bildirib. Amma yeni hakimiyyət də bu faşist cəlladının heykəlini götürməyib. Prezident İlham Əliyevin bu fikirləri Ermənistanda faşist ideologiyasının dövlət siyasəti səviyyəsinə qaldırıldığına bariz nümunədir. Maraqlıdır ki, bu zərbə Ermənistanın küçədən gəlmiş baş nazirinə hələ "Valday" zərbəsindən özünə gəlməmiş dəydi.

Digər tərəfdən, ermənilər xüsusən, əsgər anaları gənc övladlarının Qarabağ cəbhəsində ölməsini istəmirlər. Bununla belə, Paşinyan da, Ermənistanın əvvəlki rəhbərləri kimi, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə mane olur. Üstəlik, o, "Qarabağ Ermənistandır və nöqtə" kimi sərsəm bəyanat verməkdən də çəkinmir. Bax, budur küçə təfəkkürlü və siyasəti bilməmək gerçəkliyi Azərbaycan Prezidenti İlham Əliyev "Valday" Sammitində "Qarabağ Azərbaycandır və nida işarəsi" deməklə, Paşinyanın bütün xarici siyasətini alt-üst etdi. Bu reallıqları artıq erməni cəmiyyəti də etiraf edərək, Paşinyanı bu məğlubiyyətə görə ciddi tənqid atəşinə tutdu. Bütün bu reallıqları istər Rusiya, istərsə də beynəlxalq ictimaiyyət anladı ki, Azərbaycan Qarabağ məsələsində milli maraqlarından geri çəkilən, tarixi torpaqlarını heç kəsə güzəştə gedən deyil.

Onu da qeyd edək ki, Prezident İlham Əliyev Türk Şurasının Bakı Sammitində də Azərbaycanın tarixi torpaqlarını itirmək kimi ağır və faciəli problemlə qarşılaşdığını qardaş ölkələrin diqqətinə çatdırdı, keçən əsrin əvvəllərindən başlayaraq, Azərbaycanın ərazi itkisinə uğradığını qeyd etdi: "Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk. Bu mənada, Türk Şurasının yaradılmasına dair qərarın, məhz Naxçıvanda keçirilmiş Zirvə Görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir".

Qoşulmama Hərəkatının Bakıda keçirilmiş XVIII Zirvə Görüşündə də Prezident İlham Əliyev müxtəlif ölkələrdən gəlmiş dövlət və hökumət başçılarının, XİN rəhbərlərinin və digər nümayəndələrin nəzərinə çatdırdı ki, Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon - ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin, təxminən, 20 faizi iyirmi beş ildən artıqdır ki, Ermənistanın işğalı altındadır.

Qoşulmama Hərəkatının Zirvə Görüşündə qəbul edilmiş yekun sənəddə Ermənistan işğalçı dövlət kimi tanınıb və Azərbaycanın ərazi bütövlüyünə ciddi dəstək ifadə olunub. Ancaq Paşinyan hökuməti həyasızcasına Qoşulmama Hərəkatına üzv ölkələri məsuliyyətsizlikdə və hörmətsiz davranışda suçlayıb. Amma bu, sərsəm faşismt xislətli və küçə təfəkkürlü Paşinyan anlamır ki, bu nəticəni dəyişmir və Ermənistan təcavüzkar dövlət olaraq qalır. Və bütün bunlar isə Paşinyanın imicinə güclü zərbədir və erməni cəmiyyətində ona qarşı etimadsızlığı daha da artırır.

Stepan Partamyan: "Erməni xalqının 51 faizi qanacaqsız və savadsızdır"

Elə Ermənistanın məşhur diaspor nümayəndələrindən biri, Los-Ancelesdə yaşayan teleaparıcı və prodüser Stepan Partamyan bu günlərdə mətbuatda verdiyi açıqlamasında bildirib ki, ölkədə olan rəhbərlərin hamısı ikiüzlülük motivi üzərində işlərini qurublar: "Mən realist insanam və çalışıram ki, heç vaxt ikiüzlülük etməyim. Fakt odur ki, vətənimiz Ermənistan diaspora, diaspor isə Ermənistana gülür. Bir çoxları ikiüzlülük və yaltaqlıq edərək, yalandan belə ideyaları dəstəkləyir və tez-tez tərifləyirlər. Müstəqil olandan sonra Ermənistanı heç vaxt olmadığı qədər insan tərk edib. Son 7 il ərzində, mən bu məsələ ilə yaxından maraqlanıram. Dünya üzrə erməni izlərinin olduğu yerləri axtarıram, erməni izləri adlı heç bir şey yoxdur. Bu gün ermənilər kütləvi şəkildə Ermənistanı tərk edirlər. Xarici ölkələrdə yaşayan ermənilər identikliklərini itirirlər. Bu, nə üçün baş verir? Çünki erməniləri təhqir edir, alçaldır və onlardan zombi düzəldirlər. Ona görə deyirəm ki, erməni xalqının beyninin yerində mədəsi yerləşir. Biz ermənilər ancaq qışqırmağı sevən riyakarlar toplumuyuq. Erməni xalqının mədəni səviyyəsi aşağıdır. Erməni xalqının faciəsi budur. Bəziləri dilə gətirməkdən çəkinir. Amma mən, açıq deyirəm ki, erməni xalqının 51 faizi qanacaqsız və savadsızdır. Nə vaxta qədər bunları gizlədəcəyik? Artıq dözmək mümkün deyil. Son iki ildə 13 ölkəyə gedərək, erməni izləri axtarmışam. Həmin ölkələrdə xarici vətəndaşlar erməni izləri ilə bağlı olan yerləri mənə göstərirdilər. Ermənilər isə heç vaxt mədəniyyətlə maraqlanmırlar. Onların Ermənistana olan sevgisini dollar əvəzləyir. Faciə ondadır ki, erməni yer üzündə öz vicdanı, namusu, vətənpərvərliyi ilə mövcud ola bilmir. Öz dilini unudan erməni yer üzündən erməniliyin silinməsinə xidmət edir".

Stepan Partamyan müsahibəsində qeyd edib ki, insanlar ehtiyac üzündən Ermənistanı tərk edirlər və son iki il ərzində, Paşinyan hakimiyyətinin erməni xalqına etdiyini əvvəlki hakimiyyət etməyib.

Göründüyü kimi, bütün bunlar bir daha sübut edir ki, Paşinyanın bu addımları əvvəlki hakimiyyətin xalqa vurduğu zərbələrdən daha ağır zərbələr endirir. Çox yəqin ki, sadə erməni xalqı bu səhvləri Paşinyana bağışlamayacaq.

A.SƏMƏDOVA