DSX-nin gənc əsgərlərinin andiçmə mərasimi olub - FOTOLAR

28 Yanvar 2020 17:30 (UTC+04:00)

25 yanvar 2020-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. SİA-nın Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinə istinadla verdiyi məlumata görə, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra tədbir iştirakçılarına Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı çatdırılıb.

Mərasimdə Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətləri, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılması xüsusi qeyd edilib. Çıxış еdənlər Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına əminliklərini bildirərək onlara müvəffəqiyyətlər arzulayıblar.

Tədbirdə Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinin ölkəmizin ərazi bütövlüyününün bərpası, işğal altında olan torpaqlarımızda Azərbaycanın suveren hüquqlarının təmin edilməsi və həmin ərazilərdə dövlət sərhədlərinin mühafizəsinin Azərbaycanın dövlət bayrağı altında təşkil ediləcəyinə əminlik ifadə edilib. Eyni zamanda Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsinin mühafizəsinin Dövlət Sərhəd Xidmətinə həvalə olunması şərəf və qürur olmaqla yanaşı Ali Baş Komandanın Azərbaycan sərhədçisinə olan etimad və etibarının ifadəsi kimi dəyərləndirilib.

Çıxış edən valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarını təbrik edərək Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.

Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.