“Müxalifət xaricdən gələn maliyyənin təsirindən çıxa bilmir” MÖVQE

28 Yanvar 2020 17:33 (UTC+04:00)

"Xarici maraqlı dairələr ölkəmizin uğurlarına kölgə salmaq üçün ələ baxım müxaliflərdən istifadə edirlər". Bunu SİA-ya açıqlamasında “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov bildirib.

Onun sözlərinə görə, bunun iki başlıca səbəbi var: "Birincisi öyrəncəli olmalarıdır. Atalar, bir az biədəb olsa da, bu tip adamları bir cümlə ilə təyin edib: öyrənmişə tövbə yoxdur. Bunlar öyrənmişlərdi və bunlara barmağın beşini də bal edib yedirtsən, deyəcəklər ki, mənə zəhər verdi. Anlaya bilmirəm, demokratiya harda, necə zədələnib? Zədələnən bir qüvvə varsa, o da bizim bəzi müxaliflərimizdir. Onlar da düz otuz ildir zədələrini düzəltməyə çalışsalar da, yeni zədələrlə qınlarına çəkilməli olurlar. İndi necə olsun, hakimiyyət zədəli siyasət dəllallarının fikirləri ilə idarə etməlidi ölkəni? İkinci səbəb də ondan ibarətdir ki, bu zavalını çoxdan itirmişlərin ixtiyarları öz əllərində deyil. Gah qərbdən, gah şimaldan, hərdən bir hətta cənubdan gələn sifarişlər və bu sifarişlərə verilən milyonların təsirindən necə çıxsınlar? Konkret dağıdıcı müxalifət xaricdən gələn maliyyənin təsirindən çıxa bilmir. Onların təsirindən çıxsalar ac qalarlaraxı! O insafsızlar da, bunlardan elə tələblər edirlər ki, nə yerə sığır, nə də göyə. Yerə, göyə sığmayan bu tələbləri də məcburdurlar alacaqları tulapayı xatirinə yerinə yetirsinlər. İnsafən, millətinə olmasa da, bu pul dağarcıqlarına çox sadqilər və tələblərini də can-başla yerinə yetirirlər. Amma unudurlar ki, indi bu xalq otuz il əvvəlki xalq deyil. İndi insanlar ağla qaranı, yaxşıyla pisi seçmək iqtidarındadır və seçir də!”.