"Hazırda Uhanda 6 Azərbaycan vətəndaşı var" - Çində təhsil alan tələbə

28 Yanvar 2020 17:24 (UTC+04:00)

Koronavirus barədə ilk məlumat 30 dekabr 2019-cu ildə yayılıb və həmin tarixdən bu barədə xəbərlər mütəmadi olaraq sosial şəbəkələrdə yer alıb, lakin bu tədris prosesinə və adi həyat axarına mane olmayıb. SİA xəbər verir ki, bu barədə Çinin Hubey əyalətinin Uhan şəhərindəki universitetlərin birində magistr pilləsində təhsil alan Tural Tağıyev məlumat verib.

“24 yanvar tarixində Çində Yeni il qeyd olunur və əhalinin böyük əksəriyyəti öz doğma evlərinə qayıdaraq ailələri ilə birgə bayram edirlər. Buna görə də, adətən kampusda yeməkxanaların böyük hissəsi və digər satış obyektləri bağlanır. Birinci semestr rəsmi olaraq bizim universitetdə 7 yanvarda başa çatıb və həmin tarixdən tətil başlayır. Universitetdə növbəti semestrin fevral ayının ortalarında başlaması nəzərdə tutulurdu, lakin hazırkı vəziyyəti nəzərə alsaq bu vaxtın dəyişəcəyi istisna deyil. Hazırda universitet tərəfindən Çini tərk etmiş tələbələrə rəsmi xəbərdarlıq verilmədən geri qayıtmamaq tövsiyə olunur.

Uhan şəhərində 23 yanvar yerli vaxtla 10:00-dan etibarən karantin elan olunub. Bu tarixə qədər şəhərdə yaşayan Azərbaycanlıların bəziləri şəhəri tərk edə bilib. Hazırda məndə olan məlumata görə Uhanda 6 Azərbaycan Respublikası vətəndaşı var. Şəhərə giriş-çıxış bağlıdır, ictimai nəqliyyat çalışmır. Hətta şəhərdaxili rayonlar da təcrid olunub və bu da virusun yayılmasının qarşısının alınması üçündür. Hazırda evlərdə və yataqxanalarda qalmaq tövsiyə edilir. Bayıra çıxanda isə maskalardan istifadə məcburidir. Virus yayılmasının qarşısını almaq üçün müxtəlif növdə maskalar satışda mövcuddur, lakin müəyyən yerlərdə qıtlıq müşahidə olunur.

Kampusda marketlər hal-hazırda cəmi 4 saat olmaqla qısa iş qrafikində çalışırlar. Hazırda qaldığım kampusda 2 yeməkxana fəaliyyətini davam etdirir və ora həm yerli əhali, həm də xarici tələbələr gəlirlər. Onu da qeyd edim ki, kampusa da giriş-çıxış tələbə kartı ilə mümkündür. Halbuki, karantindən əvvəl sərbəst rejim tətbiq olunurdu.

24 yanvar tarixindən Səfirliklə sıx və birbaşa əlaqədəyik. Hazırda Uhanda yaşayan Azərbaycan Respublikası vətəndaşlarının təxliyə məsələsi Çinin dövlət qurumları ilə müzakirə olunur və bu sahədə işlər hələ davam edir.
Böyük ehtimalla Uhanı tərk etsək digər şəhərdə məcburi karantində qalmalı olacağıq. Əgər belə olmasa belə bu proseduru Azərbaycanda keçmək lazım gəlir. Sosial şəbəkələrdə Uhandan olan həmvətənlərin ölkəyə buraxılmaması barədə bəzi şərhləri anlayışla qəbul edirəm. Onu da qeyd edim ki, doğmalarımı, dostlarımı və təmasda ola biləcəyim digər şəxsləri yoluxdurmamaq üçün hazırda Azərbaycana qayıtmaq niyyətində deyiləm.

Eyni zamanda, Çindən ölkəmizə gələn şəxslərin termovizorla yoxlanılması və hərarət aşkarlandığı təqdirdə izolyatora, oradan isə müvafiq dövlət xəstəxanalarına yerləşdirilməsi barədə məlumatı Səhiyyə Nazirliyinin Facebook səhifəsində paylaşdığı videoların birində görmək mümkündür. Xatırlatmaq istərdim ki, koronavirusun hərarətdən başqa, baş ağrısı, ürəkbulanma və digər simptomlarının olması da mümkündür. Son günlərdə adıçəkilən simptomlar olmayan şəxslərdə belə koronavirus aşkar olunub. Buna görə də Səhiyyə Nazirliyi məsələyə daha operativ, həssas və peşəkarcasına yanaşmalı və əlavə tədbirlər görməlidir. Lakin, adıçəkilən qurumun rəsmi internet səhifəsində karantinin hansı müddətə davam etməsi, hansı şəraitdə təşkil olunması barədə heç bir məlumat tapmaq mümkün olmayıb.

Fürsətdən istifadə edərək ölkəmizin Prezidenti İlham Əliyevdən məsələni şəxsi nəzarətə götürməsi və hazırda Çində təhsil alan tələbələrin mümkün qısa müddətdə təxliyə olunması barədə müvafiq dövlət qurumlarına göstəriş verməsini xahiş edirəm”, deyə Çində təhsil alan həmyerlimiz Tural Tağıyev bildirib.