Azərbaycan Davos Forumunun nüfuzlu üzvüdür TƏHLİL

28 Yanvar 2020 13:54 (UTC+04:00)

Davos İqtisadi Forumunun illik toplantısında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı dünya ictimaiyyətinin diqqət mərkəzində olub. Dünyaca məşhur olan bu Davos forumunun rəsmi saytında Prezident İlham Əliyevin “Azərbaycanın vahid və dayanıqlı dünyada rolu” sərlövhəli məqaləsinin yerləşdirilməsi heç də təsadüfi deyil və bu, ictimai marağın, diqqətin təzahürüdür.

Dövlət başçımızın iştirakına, eləcə də ölkəmizə olan maraq özünü çox gözlətmədi və "Carlyle Group" şirkətinin həmtəsisçisi Devid Rubinşteynin Davosda Prezident İlham Əliyevlə görüşü ilə bu maraq öz təsdiqini tapdı. Azərbaycan Dövlət Neft Fondu ilə əməkdaşlığı yuksək qiymətləndirən "Carlyle Group" şirkətinin həmtəsisçisi Devid Rubinşteynin əməkdaşlığın gələcək istiqamətləri barədə Azərbaycan Prezidenti ilə söhbəti də təsdiq edir ki, bu maraq durmadan artır.

Azərbaycan Prezidenti ilə görüşməkdə maraqlı olan yalnız bir şirkət və onun rəhbəri deyildi və belə görüşlərin forum çərçivəsində çox sayda olması heç də təsadüfi sayıla bilməz. Çünki, bu şirkət rəhbərlərinin, iş adamlarının ölkə başçısı ilə görüşə maraqlı olmasına əsaslı səbəblər var və bu səbəbləri təkzib etmək mümkün deyil. Məsələn, yanvarın 20-də Davosda "VTB Bank"ın prezidenti-idarə heyətinin sədri Andrey Kostinin Prezident İlham Əliyev ilə görüşü təsdiq edir ki, bank prezidenti Azərbaycanda olan imkan və şəraitdən, ümumiyyətlə fəaliyyətindən də çox razıdır. Hətta bunu ölkə başçısı ilə görüşündə Andrey Kostin etiraf da edib ki, "VTB Bank" Azərbaycanda uzun müddətdir uğurlu fəaliyyət göstərir. Bank prezidentinin Azərbaycan Dövlət Neft Fondu ilə "VTB Bank" arasında səmərəli əməkdaşlığı davam etdirəcəyi barədə fikirləri də təsdiq edir ki, "VTB Bank" timsalında ölkəmizdə maliyyə sektorunun inkişafı da yüksək qiymətləndirilir. Məhz bu qiymətləndirmə isə öz növbəsində əminliyi artırır. Təsadüfi deyil ki, Davos çərçivəsində reallaşan görüş zamanı Prezident İlham Əliyev "VTB Bank"ın Azərbaycan iqtisadiyyatının real sektoruna kredit qoyuluşunun artırılmasını təklif etdiyi zaman Andrey Kostin təklifə müsbət yanaşdığını bildirib və dövlətimizin başçısını əmin edib ki, "VTB Bank" bu istiqamətdə fəaliyyətini daha da genişləndirəcək.

Xüsusilə qeyd etmək lazımdır ki, Davos İqtisadi Forumu yalnız Azərbaycan üçün deyil, bütün dünya üçün əhəmiyyətlidir. Ona görə əhəmiyyətlidir ki, bu Dünya İqtisadi Forumu çərçvəsində dövlət və hökumət başçılarının, iri biznes nümayəndələrinin, ayrı-ayrı sahələrdən ekspertlərin qeyri-rəsmi formada keçirilən görüşlər problemlərin həlli istiqamətində əvəzsizdir. Belə görüşlər sayəsində hərhansı problemin, yaxud problemlərin optimal həllinə nail olmaq, daha münasib variant tapmaq imkanları qazanılır. Belə imkanların əldə edildiyi bir şəraitdə iş adamlarının, şirkət rəhbərlərinin qurduğu əlaqələr iqtisadi əməkdaşlıq üçün çox dəyərlidir. Məhz bu baxımdan cəsarətlə deyə bilərik ki, Davos İqtisadi Forumu artıq uzun müddətdit ki, özünü təsdiqləmiş nüfuzlu iqtisadi platformadır. Ölkəmizə olan maraq, bizimlə iqtisadi əlaqələrin genişləndirilməsi üçün göstərilən səylər isə təsdiq edir ki, Azərbaycan bu forumun ən aktiv təmsilçilərindəndir. Eyni zamanda onu da qeyd etmək yerinə düşərdi ki, Prezident İlham Əliyevin hər il bu forumda fəal iştirakı, eləcə də ölkənin iqtisadi potensialı barədə orada çalışan iş adamlarına, mediaya əsaslı və ciddi məlumatlar verməsi ölkəmizin Davos forumunda aktivliyini daha da artırır.

Xüsusilə vurğulamaq lazımdır ki, istər Azərbaycanla əməkdaşlığa olan marağı, istərsə də ölkəmizin Dünya İqtisadi Forumunda hər il nümayiş etdirdiyi aktivliyi şərtləndirən ölkəmizdə aparılan ciddi iqtisadi islahatlardır. Bu islahatlarla yanaşı, qarşıya qoyulan strateji yol xəritəsinin də bu mənada mühüm əhəmiyyəti var və bu da xüsusilə vurğulanmalıdır ki, dünyada böyük neft-qaz ölkəsi kimi tanınan Azərbaycanın qeyri-neft sektoruna da bir çox xarici şirkətlər investisiya yatırmaq marağındadır. Məhz ölkəmizin strateji yol xəritəsi investorlara yatırım etməkdə əhəmiyyətli dərəcədə təsir göstərir. Bu baxımdan da, ölkəmizi Davos forumunun ən nüfuzlu üzvlərindən biri hesab etməkdə hər kəs haqlıdır.

Cəsarətlə deyə bilərik ki, Davos Dünya İqtisadi Forumunun arzu olunan və çox nüfuzlu üzvlərindən biri hesab olunan Azərbaycanın nüfuzu durmadan artmaqdadır və dünya ictimaiyyəti son dəfə də bunun əyani şahidi oldu. Qlobal və regional səviyyədə dünyanın başlıca siyasi, sosial və iqtisadi problemlərinin müzakirəsinin aparılması üçün strateji platforma hesab olunan, çoxsaylı mövzular üzrə sessiyalardan ibarət olan forumda dövlət rəhbərlərinin, tanınmış siyasi xadimlərin, böyük və nüfuzlu şirkətlərin rəhbərlərinin, müxtəlif qeyri-hökumət təşkilatlarının, media orqanları nümayəndələrinin ölkəmizə marağının daha da artmasında bu özünü açıq şəkildə büruzə verdi.