Radikal müxalifətin demokratiya böhranı

28 Yanvar 2020 13:06 (UTC+04:00)

Bu düşərgə təmsilçiləri xalqla yox, bu xalqın əleyhinə olanlarla təmasda olmağa daha çox üstünlük verirlər

Bəşəriyyətin inkişaf tarixinin müasir mərhələsi aydın göstərir ki, istənilən cəmiyyətin və onun yaratdığı dövlətçiliyin tərəqqisində ən vacib aspektlərdən biri demokratiyanın təşəkkül tapmasıdır. Çünki xalq idarəçiliyinin mövcud olmadığı idarəetmə sistemində hər zaman bu və ya digər qüsurlar, nöqsanlar özünü büruzə verib və verməkdədir. Qeyri-demokratik üsul idarəsinin mövcud olduğu dünya dövlətlərinə nəzər yetirməklə bunun bariz nümunələrini aydın görmək mümkündür.

Ötən əsrin son onillyində kifayət qədər mürəkkəb bir şəraitdə dövlət müstəqilliyini əldə edən Azərbaycan xalqı totalitar idarəçilikdən xilas olsa da, ilk illərdə hakimiyyətdə olan səriştəsiz və yalnız öz mövqelərini güdən qüvvələr üzündən xaotik idarəetmənin qurbanına çevrildi. Xüsusən də AXC-Müsavat cütlüyünün iqtidarda olduğu 1 il ərzində vəziyyət o həddə yüksəldi ki, qanunun ayaqlar altına atılması, insanların ən adi elementar hüquqlarının məmurlar tərəfindən pozulması normaya çevrildi. Hakimiyyətdə yer alan və bir-birinə hətta qanunun tələblərinə uyğun olaraq belə tabe olmaq istəməyən şəxslər xalqa bununla aydın göstərdilər ki, onların idarəçilik qabiliyyəti və təfəkkürü yalnız bu xaosu yaratmağa çatır.

1993-cü ildən etibarən Azərbaycan demokratiya yolunda artıq böyük bir məsafə qət edib. Avroatlantik məkana inteqrasiya kursu seçən və bu istiqamətdə mühüm nailiyyətlərə imza atmağı bacaran Azərbaycanda demokratik dəyərlərin daha möhkəm özüllər üzərində bərqərar olaraq davamlı inkişafı indi də xüsusi diqqət mərkəzində yer alır. Məhz bu səbəbdəndir ki, ölkəmizdə müasir dünya tələblərinə uyğun demokratiya mühiti formalaşıb və bu mühitin daha zəngin xarakter alması istiqamətində görülən işlərin miqyası daim genişlənir. Azərbaycanda söz və fikir azadlığının, siyasi plüralizmin, çoxpartiyalı sistemin mövcudluğu, vətəndaşların azad seçiminə yüksək şərait yaradılması, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində görülən işlər, qazanılan digər uğurlar da qeyd olunanların məntiqi nəticəsidir. Hakimiyyətin bölgüsü prinsipinin, ictimai həyatın bütün sahələrində Konstitusiya qanunlarının aliliyi, dövlətin yalnız Konstitusiya və qanunlar çərçivəsində fəaliyyət göstərməsi, dövlət tərəfindən insan və vətəndaş hüquqlarının, azadlıqlarının tanınması, dövlətlə şəxsiyyət arasında qarşılıqlı məsuliyyət beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarının üstünlüyü müasir Azərbaycanın xarakterik cizgiləridir. Bunlar eyni zamanda həm də demokratiyanın əsas cəhətləridir. Demokratiyanın ən vacib kateqoriyaları sırasında yer alan azad, şəffaf seçkilərin, ümumxalq səsvermələrinin keçirilməsi sahəsində də Azərbaycan qazanılan nailiyyətlərin miqyası baxımından seçilən ölkələr sırasında yer alır. Artıq ölkəmizdə beynəlxalq standartlara cavab verən seçki keçirmək ənənəsi formalaşıb, bu istiqamətdə möhkəm qanunvericilik bazası yaradılıb, seçki praktikası isə daim təkmilləşdirilir. Qeyd edilənlər bir daha Azərbaycanda demokratiyanın kifayət qədər möhkəm özüllər üzərində təşəkkül taparaq inkişafını qabarıq bir formada nümayiş etdirir.

Ancaq təəssüf ki, bunu görməzlikdən gələn və Azərbaycanın sürətli, demokratik inkişafından narahat olanlar da az deyil. Bu səbəbdən zaman-zaman Azərbaycanın ünvanına səsləndirilən böhtanlara da rast gəlinir. Sözügedən kontekstdə demək olar ki, bütün fəaliyyəti qarayaxma kampaniyasından ibarət olan ifrat radikal müxalifət düşərgəsi xüsusilə seçilir. Azərbaycan əleyhinə fəaliyyət göstərən, ölkəmizə böhtan və yalan yağdıran istənilən kənar qüvvə ilə böyük həvəslə əməkdaşlığa hazır olan, onların ruporuna çevrilən müxalifət bununla həm də antiazərbaycançı bir mövqedə olduğunu göstərir.

Müxalifətin radikal qanadı, xüsusən də AXCP, Müsavat partiyası, onlara bağlı KİV-lər, sosial şəbəkə səhifələri durmadan ölkədə demokratiyanın boğulduğunu iddia edir. Xüsusilə postseçki dövründə bu kimi iyrənc əməllər daha çox nəzərə çarpır. Lakin görünür onların demokratiya anlayışı 1992-ci ildəki xaotik vəziyyətdən o yana keçə bilmədiyindən bu sərsəm fikirlərdən əl çəkə bilmirlər. Yoxsa bilərdilər ki, hakimiyyətin ünvanına az qala hər gün ən sərt formada tənqidlər, bəzən isə təhqirlər səsləndirmələri, bunları nəzarətlərində saxladıqları qəzetlərin səhifələrinə daşıya bilmələri özü Azərbaycanda əsl demokratiyanın mövcudluğunun real nümayişidir. Çünki belə fikirlərinə görə hakimiyyət tərəfindən müxalifətə heç bir irad tutulmur, təzyiq göstərilmir. Əksinə, onlara məxsus qəzetlərin dövlət nəşriyyatına olan borcları ölkə Prezidenti tərəfindən silinir. Hətta həmin qəzetlərə Prezident, eləcə də dövlət tərəfindən yaradılan müvafiq qurum səviyyəsində maliyyə yardımları edilir. Amma nədənsə bütün bunları açıq etiraf etməkdən radikal müxalifət çəkinir, bunları heç dilinə də gətirmək istəmir.

Əvəzində Azərbaycanın əleyhinə fəaliyyət göstərən qüvvələrin, xarici qeyri-hökumət təşkilatlarının hər hansı antiazərbaycan xarakterli açıqlaması müxalifətin əlində şüara çevrilir. Məsələn, xaricdəki ermənipərəst siyasi dairələrin nümayəndələri, habelə bəzi ölkələrdə ermənipərəst qanunvericilərin Azərbaycan əleyhinə ifadələr səsləndirməsi radikal müxalifətin ən sevimli şüarları sırasında yer alır. Bəzi müxalifət funksionerləri, onların nəzarətində olan qeyri-hökumət təşkilatları isə xaricdən aldıqları pullar hesabına Azərbaycana qarşı istənilən məkanda istənilən cəfəng fikirlər səsləndirməyə hazır olduqlarını dəfələrlə nümayiş etdiriblər.

Burada daha bir maraqlı məqamlardan biri radikal müxalifətin daim ölkə xaricində özünə dayaq axtarmasıdır. Bunun üçün hətta ermənilərlə də müqavilə imzalayırlar. Məsələn, Müsavat partiyasının sədri İsa Qəmbər Ermənistan Ümummilli Hərəkatı ilə qarşılıqlı əməkdaşlıq haqqında bəyannamə imzaladığını heç gizlətmir də. Halbuki Azərbaycana qarşı təcavüzkar siyasət yürüdən erməni ideoloqları bir neçə mərkəzdən idarə olunur ki, onlardan biri də Ermənistan Ümummilli Hərəkatıdır. Azərbaycana qarşı təcavüz siyasətinin reallaşmasında da bu hərəkatın rolu az deyil.

2005-ci il parlament seçkiləri öncəsi AXCP üzvü Ruslan Bəşirlinin Gürcüstanda ermənilərlə partiyası adından əməkdaşlığa dair razılıq əldə etməsi də elə bu qəbildən olan haldır. Bütün bunların Əli Kərimlinin xəbəri olmadan həyata keçirilməsi isə heç də inandırıcı görünmür. Yeri gəlmişkən qeyd edək ki, elə radikal müxalifət düşərgəsinin əksər təmsilçiləri tez-tez biri-birilərini müxtəlif xarici ölkələrin agentləri olmaqda ittiham edirlər və bununla bağlı konkret sübutlara malik olduqlarını bəyan edirlər. Halbuki demokratiyadan dəm vuran müxalifət yaxşı bilməlidir ki, istənilən məsələdə dəstək xalqdan gəlməlidir, daha bu xalqın əleyhinə fəaliyyət göstərən kənar qüvvələrdən yox. Bütün bunlar onu göstərir ki, müxalifət öz hakimiyyət iddiasını reallaşdırmaq üçün istənilən yola baş vurmağa, hətta iğtişaşlar törətməyə belə hazırdır. Xaricdən alınan maliyyə yardımları ilə təşkil olunan mitinqlər də bunun real sübutudur. Müxalifətin demokratiya anlayışının daha bir qabarıq ifadə tərzi bu düşərgədaxilində cərəyan edən son proseslərdə də özünü göstərir. Məsələn, fəaliyyəti bir müxalifət partiyası olaraq fiaskoya uğrayan, cüzi elektoratını da hər seçkilərdən sonra itirən Müsavat partiyasını tərk edənlərə artıq bu partiya tərəfindən düşmən münasibəti bəslənir. Budur, ifrat radikal müxalifətin iç üzü, demokratiya anlayışı. Budur, ölkənin müxalifəti. Belələrinin təbii olaraq xalq arasında heç bir dayağı, dəstəyi yoxdur. Bu səbəbdəndir ki, ifrat radikal müxalifət xalqla yox, bu xalqın əleyhinə olanlarla təmasda olmağa daha çox üstünlük verir və demokratiya maskası geyinərək öz varlıqlarını yaşatmaq istəyirlər.

Rövşən RƏSULOV