AFFA-nın növbəti toplantısı keçirilib

28 Yanvar 2020 11:46 (UTC+04:00)

Bulvar otelində AFFA-nın XXVIII növbəti konfransı işə başlayıb.

SİA-nın məlumatına görə, tədbirdə ötən ilin hesabatı verilib və seçkilər keçirilib.

İcraiyyə Komitəsi üzvlərinin sayı isə 13-ə çatdırılıb. Toplantıda Gənclər və İdman naziri Azad Rəhimov, FİFA və UEFA nümayəndələri iştirak ediblər.

Nazir çıxışında konfrans iştirakçılarını salamlayıb. O, idmana dövlət qayğısını xüsusi vurğulayaraq, futbolun hamı tərəfindən sevildiyini bildirib. A.Rəhimov xüsusən Avropa Liqasının final matçının Bakıda keçirildiyini və bu il AVRO-2020-nin dörd oyununun Azərbaycan paytaxtında təşkil olunacağını vurğulayıb. O, AFFA-nın ölkədə kütləviliyin inkişafı istiqamətində gördüyü işləri xüsusi qeyd edərək, nazirliyin də bu işdə əlindən gələn dəstəyi verdiyini söyləyib.

A.Rəhimov bütün namizədlərə uğurlar arzulayıb. O, Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarına futbolçuların da dəstək olacağına ümidvar olduğunu bildirib.

AFFA-nın baş katibi Elxan Məmmədov konfransda 35 nümayəndənin hamısının iştirak etdiyini söyləyib.

Könüllülərlə iş üzrə menecer Yusif Vəliyev bu sahədə görülmüş işlərin hesabatını verib. O, ilk dəfə 2009-cu ildə Azərbaycan və Uels yığmaları arasındakı DÇ-2010-un seçmə oyununda 150, ötənilki Avropa Liqasının final matçında 3020 könüllünün xidmətindən istifadə olunduğunu söyləyib. O, finaldakı iştirak sayının FİFA və UEFA tərəfindən rekord kimi qiymətləndirildiyini diqqətə çatdırıb. AVRO-2020-nin Bakıda keçiriləcək oyunları üçün 6797 könüllünün qeydiyyatdan keçdiyini də açıqlayan Y.Vəliyev bunun digər təşkilatçı şəhərlər arasında ən yüksək göstərici olduğunu söyləyib.

AFFA prezidentliyinə yeganə namizəd olan Rövnəq Abdullayev 4-cü dəfə bu vəzifəyə seçilib. O, göstərilən etimada görə futbol ictimaiyyətinin nümayəndələrinə təşəkkürünü bildirib. O, AVRO-2020 kimi tədbirlərin ardının gələcəyini və Azərbaycan futbolunu qarşıdakı dövrdə daha yüksək səviyyəyə çatdıracaqlarına ümidvar olduğunu əlavə edib.