Aqiyə Naxçıvanlı Filfilli və Xaçmaz kəndlərində seçicilərlə görüş keçirib

27 Yanvar 2020 18:59 (UTC+04:00)

Yanvarın 27-də 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən deputatlığa namizəd Aqiyə Naxçıvanlı təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Filfilli və Xaçmaz kəndlərində seçicilərlə görüş keçirib.

Keçirilən görüşdə deputatlığa namizədin vəkilləri çıxış edərək ölkədə gedən quruculuq işlərindən, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurlardan danışıblar.

Görüşdə çıxış edən Aqiyə Naxçıvanlı namizədi olduğu Yeni Azərbaycan Partiyasının Seçki Platforması haqqında geniş məlumat verib.

Görüşlərdə kənd sakinləri Elza Gülməmmədova, Elçin Hacıyev, Arif İsayev, İbrahim Qocayev, Filfilli kəndindən seçicilər Füzuli Tağıyev, İlkin Ağayev, İlqar Məmmədov və başqaları çıxış edərək Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasəti dəstəklədiklərini və daim dövlət başçısı ətrafında sıx birləşdiklərini diqqətə çatdırıblar. Həmçinin, 9 fevralda keçiriləcək parlament seçkilərində deputatlığa namizəd Aqiyə Naxçıvanlıya dəstək verəcəklərini bildiriblər.

Görüşdə kənd sakinləri problemləri ilə bağlı məlumat veriblər. Sonda Aqiyə Naxçıvanlı növbəti dəfə seçiləcəyi təqdirdə, problemlərin həllinə çalışacağını bildirib.

Rövşən RƏSULOV