Bakıda silahlı şəxslər saxlanılıblar

27 Yanvar 2020 15:17 (UTC+04:00)

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması istiqamətində növbəti əməliyyat tədbirləri həyata keçiriblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, Baş İdarəyə Nicat adlı şəxsin üzərində qanunsuz silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.

Həmin şəxs - paytaxt sakini Nicat Nəsirov təxirəsalınmaz əməliyyat nəticəsində tutularaq istintaqa təqdim edilib. Onun idarə etdiyi “Daewoo Gentra” markalı avtomobilə baxış zamanı sandıqçasında altı patron olan “Steçkin” markalı tapança və pnevmatik tapança aşkarlanaraq götürülüb.

Baş İdarə əməkdaşlarının keçirdikləri növbəti əməliyyat zamanı Xəzər rayonunun Türkan qəsəbəsində əvvəllər məhkum olunmuş Samir Mayılov tutulub. Onun üzərində axtarış aparılan zaman “Makarov” markalı tapança və bir patron aşkarlanaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində odlu silah-sursatın onlara məxsus olduğunu və polisə könüllü təhvil vermək əvəzinə üzərlərində gəzdirdiklərini etiraf ediblər.

Faktla bağlı Nicat Nəsirov və Samir Mayılov barəsində Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq tədbirləri davam etdirilir.