“Xocalı soyqırımı” respublika sərgi-müsabiqəsinin nəticələri elan olunacaq
31 Mart 2011 01:14 (UTC+04:00)
Martın 31-də, saat 17.00-da V.Səmədova adına Sərgi salonunda 1918-ci ildə xalqımıza qarşı törədilən soyqırıma həsr olunan tədbir keçiriləcək. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Rəssamlar İttifaqı ilə birgə keçirdiyi "Xocalı soyqırımı" respublika sərgi-müsabiqəsinin nəticələri elan olunacaq.
Qeyd edək ki, sərgi-müsabiqənin açılışı cari ilin fevralının 25-də keçirilib. Müsabiqədə 125-dən çox rəssam 150-dək əsərlə iştirak edib.
31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən tədbir günahsız qurbanların əziz xatirəsinin anılması ilə yanaşı gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi məqsədi ilə keçirilir.