Pekindən Çinin digər şəhər və vilayətlərinə avtobus səfərləri dayandırılır

25 Yanvar 2020 19:47 (UTC+04:00)

Çində aşkarlanan koronavirusun indiyədək aşkar edilməmiş növünün (2019-nCoV) səbəb olduğu sətəlcəm xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə Pekinə və paytaxtdan kənara avtobus səfərləri dayandırılır.

SİA xəbər verir ki, Çin KİV-ləri Pekin meriyasının nəqliyyata məsul şəxslərinə istinadla belə xəbər yayıblar. Sərnişin avtobuslarının fəaliyyəti yanvarın 26-dan dayandırılacaq. Virusun aşkarlandığı və ən çox yayıldığı Uxan şəhərində isə ictimai nəqliyyatın fəaliyyətinin dayandırılmasından sonra, yanvarın 26-dan şəhərin mərkəzi rayonlarında avtomobillərin hərəkətinə də qadağa qoyulacaq. Yalnız xüsusi icazəsi olan nəqliyyat vasitələrinin, sakinlərin daşınması üçün pulsuz avtobusların və hökumət qurumlarının xidməti avtomobillərinin hərəkətinə icazə veriləcək.

Artıq Çinin 34 bölgəsindən 29-unda, o cümlədən virusa ən çox yuluxmanın qeydə alındığı Xubey vilayətində, Pekin, Şanxay, Çunçin, Tiencin şəhərlərində, Honkonq xüsusi inzibati bölgəsində ən yüksək səviyyədə fövqəladə hazırlıq vəziyyəti elan olunub. Çin Dövlət Səhiyyə Komissiyasının son məlumatına əsasən, vəhşi heyvanlardan yayıldığı yəqin edilən koronavirusun yeni ştammına yoluxanların sayı 1370 nəfərə çatıb. Ölənlərin sayında dəyişiklik yoxdur- 41 nəfər.

Xaricdə isə Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Fransa, Avstraliya, Malayziya və Nepalda, ümumilikdə 19 nəfərdə koronavirusun yeni növünə yoluxma faktları qeydə alınıb. Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun iclasında çıxış edən Cin Xalq Respublikasının Sədri Si Cinpin indiki mərhələdə virusun yayılmasının nəzarət altına alınmasının və profilaktik tədbirlərin əsas hədəf olduğunu deyib.