Zavallı ölkə, çaşqın baş nazir

25 Yanvar 2020 18:48 (UTC+04:00)

Sarkisyanın aqibəti Paşinyanın da başında çatlayacaq

"Əgər parlament fraksiyası məni seçməsə, heç kimi seçməyəcək. Baş nazirin seçiləcəyi gün bütün erməni xalqı meydanda olacaq. Qoy xalqın iradəsini yerinə yetirməməyə çalışsınlar". Bu sözləri 2018-ci ildə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Serj Sarkisyanın 10 illik prezidentliyi Ermənistan xalqının yaddaşında qorxulu bir kabus kimi həkk olunsa da, bu kabusu indi də Nikol Paşinyan yaradır. Ermənistanla bağlı proqnozlar özünü tam doğrultdu. Bu, belə də olmalı idi. Çünki istər Paşinyan, istərsə də Sarkisyan eyni düşüncəyə malik olan Ermənistan xalqının yaddaşında qorxulu bir kabus kimi həkk olunub.

Belə ki, Ermənistanda son günlər baş verənlər də bunu təsdiqləyir. Bu gün erməni müxalifəti və erməni ziyalıları açıq şəkildə qeyd edirlər ki, məhz Sarkisyanın 10 illik prezidentlik fəaliyyəti erməni xalqı üçün, ilk növbədə, iqtisadi böhrana səbəb olub. Bu gün ermənilər özləri qeyd edirlər ki, vaxtilə Ermənistandan əhali ədədi silsilə ilə baş götürüb qaçırdısa, indi artıq həndəsi silsilə ilə ölkəni tərk edir. Eyni zamanda, xalq onun da fərqindədir ki, Ermənistanda böhran daha da dərinləşəcək. Çünki xalq görür ki, onu bu vəziyyətə salan bir rejim hakimiyyətdə baş nazir postunu zəbt edən Paşinyan elə Sarkisyanın eyni üzüdür. Bu, o deməkdir ki, əgər 10 illik hakimiyyəti dövründə Sarkisyan ölkəni iqtisadi iflas, təcrid vəziyyətinə gətirdisə, Paşinyan bunu daha da dərinləşdirəcək.

"Jamanak" qəzetinin yazdığına görə, məqsəd Ermənistanda prezident üsul-idarəsinə qayıdış etməkdir. Nəşr bildirib ki, güclü prezidentlik idarəsi Konstitusiya Məhkəməsinin üzvlərini istefaya göndərə biləcək. Ekspertlər Nikol Paşinyanın bu islahatlarla öz kövrək hakimiyyətini möhkəmləndirmək niyyəti güddüyünü vurğulayırlar.

Qabil Hüseynli: "Ölkə müxalifəti mürəkkəb vəziyyətdən istifadə edərək tərəfdarlarını artırıb və baş nazirə qarşı ciddi müqavimət formalaşdırıb"

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Paşinyan düşünür ki, prezidentlik sistemində daha çox səlahiyyəti öz əlində cəmləyəcək: "Konstitusiyaya dəyişiklik olarsa, Paşinyan hakimiyyətin bütün qollarına nəzarəti öz əlinə alacaq və "güclü hakimiyyət" quracaq. Daha doğrusu, baş nazir belə olacağını zənn edir. İnqilab yolu ilə hakimiyyətə gəlmiş Paşinyan prezident üsul-idarəsinə keçməklə, avtoritar rejim qurmaq niyyətindədir. "İslahatlar" ideyası birbaşa baş nazirin siyasi ambisiyaları ilə bağlıdır. Paşinyan baş nazir postunda reytinq qazana bilmədi, əksinə, daha da nüfuzdan düşdü. İndiki halda, Paşinyan hakimiyyətin digər qollarına təzyiq göstərə, öz kadrlarını yerləşdirə bilmir. Prezident üsul-idarəsinə keçid ona öz siyasi maraqlarını təmin etməyə imkan verəcək. Bununla da mərkəzi hakimiyyəti bir əldə cəmləyəcək".

Siyasi şərhçinin sözlərinə görə, dəyişikliyin baş tutacağı təqdirdə Ermənistanda yenidən prezident seçkiləri keçirilməlidir: "Burada seçki problemi ortaya çıxa bilər. Ermənistan cəmiyyətində Paşinyana qarşı ciddi narazılıq mövcuddur. Məlum olduğu kimi, ölkə müxalifəti mürəkkəb vəziyyətdən istifadə edərək, tərəfdarlarını artırıb və baş nazirə qarşı ciddi müqavimət formalaşdırıb. Onu da nəzərə alaq ki, indiki məqamda prezident üsul-idarəsinə keçid referendum yolu ilə mümkündür. Lakin narazı xalqın qatılacağı referendumdan çıxan nəticə Paşinyanın istəkləri ilə üst-üstə düşməyə bilər. Referendum olsa belə, çox qızğın prezident seçkilərinin şahidi olacağıq. Paşinyan olduqca riskli yola qədəm qoyub. Hər halda, idarəetmədə sistem dəyişikliyi Ermənistanda ciddi təlatümlərə gətirib çıxara bilər".

Ermənistanda vəziyyətin bu həddə çatma səbəbləri

Bu səbələri uzun-uzadı araşdırmağa ehtiyac da yoxdur. Ekspertlərin sözlərinə görə, Ermənistanın bu vəziyyətə düşməsinin əsas səbəbkarı Serj Sarkisyan və onun davamçısı Paşinyandır və bu vəziyyətdən çıxış yolu, məntiqə üstünlük verərək, işğalçılıq siyasətindən imtina edib, Azərbaycan torpaqlarını azad etməkdir. Amma düşünüləsi deyil ki, Ermənistanın bugünkü hakimiyyəti belə bir məntiqi addım atıb, xalqını üzləşdiyi uçurumdan xilas etsin. Çünki indiki Ermənistan hakimiyyəti faşist və kriminal rejimdir. Bunun baş verməyəcəyi və proseslərin bu cür dava edəcəyi təqdirdə, Ermənistan böyük addımlarla uçuruma doğru irəliləyir.

"Jamanak" qəzetinin yazdığına görə, Ermənistanda yanvarın 21-dən başlayaraq fermerlərin etiraz mitinqləri keçirilir. Onların baş nazir Nikol Paşinyanla görüşmək cəhdləri uğursuzluqla nəticələnib. Belə ki, baş nazir etirazçıların dialoq təklifinə məhəl qoymayıb. Həmçinin, fermerlərin etirazlarının artıq ölkənin regionlarına da sirayət etdiyi barədə məlumatlar gəlməkdədir. Qəzet yazır ki, ötən gün İrəvan - Gümrü yolunu bağlayan Şirak fermerlərinə polisin müdaxilə etdiyi bildirilir. Maraqlıdır ki, bir müddət əvvəl, hakimiyyətin ölkədə orta təbəqə yaratmaq barədə dedikləri ilə indiki əməlləri heç cür üst-üstə düşmür. Aldadıldıqlarını dilə gətirən həmin təbəqə nümayəndələri hökuməti açıq şəkildə tənqid etməkdən çəkinmirlər: "Mənim fermamda təkcə bir heyvan qalıb ki, bu da mənəm, çünki vaxtilə Paşinyanın hakimiyyətə gəlməsini dəstəkləyənlərdən biri olmuşam" deyə etirazçılardan biri yerli televiziyaya verdiyi açıqlamada bildirib. Qeyd edək ki, İrəvandakı fermer etirazının artıq geniş vüsət almağa doğru getməsinə baxmayaraq, Paşinyan hələ də güc tətbiq etməyə tərəddüd edir.

Qriqori Trofimçuk: "Ermənistanın hazırkı rəhbərliyinə Moskvanın inamı azalmaqda davam edir"

Bu günlərdə "Tert am" satına danışan rusiyalı siyasətçi Qriqori Trofimçuk Paşinyan hökumətinin Rusiyada artıq "səriştəsiz" kimi qəbul edildiyini etiraf edib. Trofimçukin sözlərinə görə, bu gün Rusiyanın ekspert dairəsində "Rusiya-Ermənistan münasibətləri" və "Nikol Paşinyan" kimi anlayışlar getdikcə daha çox paylaşılır. Bununla bağlı rusiyalı siyasətçi deyir: "Bu gün iki ölkə arasındakı əməkdaşlıqda elə bir dəyişiklik olmasa da, Ermənistanın hazırkı rəhbərliyinə Moskvanın inamı azalmaqda davam edir". Fikirlərini əsaslandırmaq üçün rusiyalı siyasətçi tutarlı faktlar da gətirir. Məsələn, belə faktlardan biri kimi, Trofimçuk Paşinyanın sabiq prezident Serj Sarkisyan tərəfindən dövlət aktivlərinin qanunsuz ölkədən çıxarılmasının qarşısını almaq üçün ABŞ Federal Təhqiqat Bürosundan kömək istəməsini göstərir: "Sual yaranır: bəs, belə olan halda, Paşinyanın rəhbərliyi altında Ermənistanın xüsusi xidmət orqanları nə işlə məşğuldurlar? Başqa bir misal, niyə Ermənistanın üzv olduğu KTMT ölkələrinin sirlərini ifşa etməlidir? Belə situasiyada qaz qiymətilə bağlı Ermənistanın qaldırdığı hay-həşir, ən azı, üçüncü dərəcəli görünür. Doğrudur, bu məsələ iqtisadiyyatla əlaqəlidir və bütövlükdə, Ermənistandakı iqtisadi vəziyyət indi o qədər də ürəkaçan deyil. Amma erməni tərəfi bu problemin digər tərəfini başa düşməlidir: Rusiya olmasa, başqa dövlət Ermənistana qazı, ən azı, ikiqat qiymətə satacaq".

Sarkisyanın aqibəti Paşinyanın da başında çatlayacaq

Ermənistanın bu duruma düşməsinin ən əsas səbəbi isə, Paşinyanın sərsəm və absurd fikirləri ilə münaqişənin nizamlanması ilə bağlı danışıqları yubatmaq istəyidir. Ekspertlərin sözlərinə görə, belə vəziyyətdə olan Ermənistanla inkişaf etmiş Azərbaycanın danışıqlara getməsi, bu ölkə üçün faciəli ola bilər. Ona görə də, Paşinyan vaxt udmaq istəyir. N.Paşinyan bilir ki, danışıqlar prosesində qondarma rejimin iştirakı təklifini Azərbaycan heç vaxt qəbul etməyəcək və proses bir az da uzana bilər. Elə bu səbəbdən də, Ermənistan bumeranq effekti ilə üzləşib və Azərbaycanın iqtisadi, enerji və nəqliyyat blokadası siyasətinin hədəfindədir. Paşinyan bu səbəbin aradan qaldırılması və bununla da, üzücü təcrid siyasətindən qurtulmaq naminə, hələ ki, heç bir addım atmır. Hətta bir çox hallarda, zorla hakimiyyətdən saldığı Sarkisyandan çox "Sarkisyan" olmaq istəyir. Ermənistanın yeni baş nazirinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı səsləndirdiyi son fikirlər psixoloji sayıqlamalardan başqa bir şey deyil. Görünür, gərgin inqilabi proseslərin mərkəzində yer almış Paşinyanın bu qovhaqovda ən çox zərər görmüş orqanı, məhz başı olub. Bəs, Ermənistanın yeni rəhbərliyinin düşdüyü labirintdən çıxış yolu varmı? Bəli, var. Bu yolu növbəti dəfə göstərən Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdi ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki rəhbərliyin səhvlərini təkrar etməməlidir, konstruktiv danışıqlar aparmalıdır, Azərbaycan torpaqlarını işğaldan azad etməlidir. Bəli, bu, Ermənistanın yeganə nicat yoludur. Paşinyan bunun əksini edərsə, Sarkisyanın yolu ilə getmiş olacaq. Sözün bütün mənalarında...

Bir sözlə, Paşinyan ən optimal variantı tapa bilməsə, Ermənistan məhv olacaq. Artıq bü faktın gerçəkliyi göz önündədir...

A.SƏMƏDOVA