Bioloji Təbabət Klinikası şərəflə xalqın xidmətindədir - FOTOLAR

25 Yanvar 2020 16:53 (UTC+04:00)

Bioloji Təbabət Klinikası (BOT) Azərbaycanda ilk dəfə qapılarını pasientlərin üzünə 2009-cu ildə açmışdı. Tibb sahəsində dünyanın ən yüksək inkişaf etmiş ölkələrindən olan Almaniya, İsveç, İtaliya və digər ölkələrdə geniş yayılmış biotənzimləyici müalicə üsulunu Azərbaycanda da tətbiq etmək və sağlamlıq problemləri olan insanların məhz bu zərərsiz terapiya ilə müalicə almasına nail olmaq ideyası xalqımızın dəyərli ziyalılarından olan iş adamı, hər zaman millətinin sağlamlığını düşünən Elxan Yaqubov tərəfindən irəli sürülmüşdü. Və məhz onun təşəbbüsü ilə 10 il əvvəl belə bir müasir "Bioloji Təbabət " MMC yaradılmışdı.

Əhaliyə yüksək tibbi xidmət göstərmək üçün klinika elə ilk günlərdən son texnologiyalı müayinə və müalicə aparatları ilə təchiz edildi. Biotənzimizləyici terapiya ilə məşğul olan həkimlərin bu sahədəki biliklərinin daha da təkmilləşdirilməsi və artırılması üçün artıq 2001-ci ildən başlayaraq müvafiq kurs və seminarlar təşkil olundu. Respublikanın bir-çox tanınmış həkimləri həmin kurs və seminarlarda böyük həvəslə iştirak etməyə başladılar. Çünki Bioloji Təbabət MMC-nin rəhbərliyinin əsas məqsədlərindən biri biotənzimləyici müalicə üsulunu Azərbaycanda daha geniş tətbiq etmək idi. Məhz buna görə də ötən illər ərzində Sumqayıtda, Göyçayda və Masallıda da Bioloji Təbabət klinikaları fəaliyyətə başladı. Nəticədə az bir vaxtda bir çox xroniki xəstəliklərin biotənzimləyici terapiya ilə müalicəsində uğurlu nəticələr qazanan həkimlərin sorağı artıq respublikanın sərhədlərini aşaraq Türkiyə, İran, Ərəb ölkləri və hətta Rusiyadan da eşidilməyə başlandı. Çoxları Bioloji Təbabət Klinikasını özünün ümidgahı bildilər və bundan heç yanılmadılar da.

İllər keçdikcə orqanizm üçün effektli, ziyansız müalicə üsulu olan biotənzimləyici terapiya öz uğurları ilə əhali arasında özünü daha yüksək səviyyədə təsdiqləməyə nail oldu. Məhz buna görə də öz təcrübələrində bu müalicə üsuluna üstünlük verən həkimlərin də sayı respublikamızda getdikcə artdı. Təsadüfi deyil ki, bioloji müalicə sahəsində azərbaycanlı həkimlərin qazandığı uğurlu nəticələr bioloji təbabətin vətəni sayılan Almaniyada xüsusi mükafata layiq görülmüşdür. Artıq bu gün Azərbaycanın demək olar ki, əksər rayonlarında bioloji təbabət üsullarından istifadə edən həkimlər çalışır. Belə ki, Elxan Yaqubovun təşəbbüsü ilə xarici ölkələrdən dəvət olunan məşhur həkimlərin apardığı seminarlar sayəsində 2001-ci ildən etibarən bioloji təbabət kurslarını ödənişsiz bitirən, sertifikat alan və respublikamızda, qonşu ölkələrdə fəaliyyət göstərən 5 mindən çox həkim var. Ona görə də çox keçmədən Bioloji Təbabət MMC-nin təşəbbüsü ilə bir çox tanınmış həkimləri, alimləri birləşdirən Bioloji Təbabət və Antihomotoksik Terapiya Cəmiyyəti yaradıldı. Biotənzimləyici terapiyanın üstünlüklərini elmi məqalələrlə, praktik nümunələrlə şərh etmək məqsədilə yaradılan, hazırda ölkəmizdə tibb sahəsində ən oxunaqlı jurnallardan sayılan "Bioloji Təbabət" jurnalı da yeni müalicə sahəsinin təbliğində çox mühüm rol oynadı.

Bugünlərdə isə 10 illik bir uğur yolu keçərək, populyarlıq qazanmış Bioloji Təbabət Klinikasında ötən dövrün nailiyyətlərini əks etdirən muzeyin əsası qoyuldu ki, onun açılışında klinikanın həkim korpusu ilə yanaşı müxtəlif vaxtlarda burda müalicə almış pasientlər, respublikanın bir-çox yerlərindən gələn qonaqlar iştirak ediblər.

Bioloji Təbabət Klinikasında insanların orqanizmə heç bir zərər verməyən biotənzimləyici təbabətlə müalicəsinə üstünlük verildiyi kimi, bu terapiyanın Azərbaycanda uzun illər təbliğinə çalışaraq, qazandığı nəzəri bilikləri və təcrübəni pasientlərin sağlamlığı üçün sərf edən həkimlərin dəyərləndirilməsinə də böyük önəm verilir. Məhz bu səbəbdəndir ki, Klinikanın 10 illik yubileyi bu böyük tibb ocağı fəaliyyətə başlayan gündən burda həkim-nevropatoloq kimi çalışaraq, yüzlərlə xəstəyə şəfa vermiş, əsl təbib olan, ali dərəcəli həkim Vahid Məmmədov və ömrünün ən gözəl illərini biotənzimləyici terapiya ilə müalicəyə həsr edən həkim-terapevt-pulmanoloq Elaza xanım Mikayılzadənin bütstlərinin açılışı ilə başlandı. Hər iki büst Bioloji Təbabət MMC-nin təsisçisi, dəyərli ziyalı, əsl vətənpərvər insan Elxan Yaqubovun təşəbbüsü və maliyyə dəstəyi ilə hazırlanıb.

O da diqqətəlayiqdir ki, hələ tədbirdən əvvəl Elxan müəllim klinikanın bir qrup əməkdaşı ilə birgə Vahid Məmmədovun və Elaza xanım Mikayılzadənin Bakıdakı və Saray yaxınlığındakı məzarlarını ziyarət etmiş, qəbrləri üstünə əklillər, gül dəstələri düzmüşdülər.

Muzeyin açılışında İlk olaraq respublikanın tanınmış həkim-terapevti, Bioloji Təbabət Cəmiyyətinin prezidenti, klinikanın Elmi-tədqiqat Mərkəzinin şöbə müdiri, "Bioloji Təbabət" jurnalının baş redaktoru, tibb elmləri doktoru, professor Fikriyyə xanım İbrahimli çıxış edərək, respublikanın bir çox yerlərindən gələn qonaqları salamladı və həyatdan vaxtsız köçmüş unudulmaz həmkarları haqqında xatirələrini danışdı.

Tədbirin aparıcısı, Əməkdar incəsənət xadimi, yazıçı, rejissor, jurnalis, bioloji təbabətin respublikada ən böyük təbliğatçılarından biri, Bioloji Təbabət Klinikası ilə bağlı kitab üzərində işləyən Ağalar İdrisoğlu öz çıxışını klinikanın həkim-nevroloqu Aygün Məmmədovanın “Bioloji təbabətim” şeirilə başladı. Yüksək peşəkarlıqla söylənən şeir tədbirə toplaşanlar tərəfindən sürəkli alqışlarla qarşılandı.

Sonra klinikanın yaradıcısı və rəhbəri Elxan Yaqubova söz verildi. O, klinikanın nüfuzlu, bacarıqlı həkimləri olmuş Elaza Mikayılzadə və Vahid Məmmədov haqqında tədbirə toplaşanlara qısa məlumat verərək dedi:
- Elaza həkim Mövsüm qızı Mikayılzadə 14 may 1948-ci ildə Lənkəran şəhərində ziyalı ailəsində anadan olmuşdu. O, orta məktəbi 1966-cı ildə bitirib və elə həmin ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuşdu. 1973-cü ildə ali təhsilli həkim kimi respublika Daxili İşlər Nazirliyinin Mərkəzi Qospitalında əvvəlcə həkim-ordinator, 1981-ci ildən istefaya çıxana qədər isə - 2006-ci ilə kimi orda şöbə rəisi vəzifəsində çalışmışdi. Elaza həkim daim və səylə öz üzərində çalışırdı. O, 1990-cı ildə Bakıda "Ürnumi terapiya" təkmilləşdirmə və 1991-ci ildə "Anesteziologiya və reanimasiya" kurslarını bitirmişdi. 1983-cü ildə Kiyev şəhərində “Pulmanoloq”, 1994-cü ildə Baki şəhərində "Psixosomatik pozuntulann xüsusiyyətlərinin diferensial diaqnostikasl va müalicəsi" üzrə praktik təkmilləsdirmə, 1997-ci ildə Bakıda 4 aylıq "Psixiatriya" kurslarını bitirmişdi.

2006-cı ildə Hospitaldan polkovnik-leytenant rütbəsində istefaya çıxan Elaza həkim sonralar taleyini həmişəlik olaraq Bioloji Təbabər Klinikası ilə bağlamışdı. Əsində isə o, 2003-cü ildən bioloji təbabətlə ciddi maraqlandığına görə Bioloji Təbabət Klinikası ilə yaxın əlaqə saxlayaraq, burdakı preparatlardan xəstələrinin müalicəsində istifadə etməyə daim üstünlük verirdi. Elə ilk kursu da - “Praktiki homotoksikalogiya” kursunu da 2003-cü ildə burada keçmişdi. Bir il sonra isə Moskvada Beynəlxalq Homotoksikologiya Akademiyasının müvafiq kursunu bitirərək, “Homotoksikologiya üzrə milli mühazirəçi” sertifikatı almış, elə həmin ildə Bakıda “Autohemoterapiya və homeosiniatriya” kursunu bitirmişdi. Lakin o, bütün bunlarla da kifayətlənməyərək, 2006-cı ildə Almaniyanın Beynəlxalq Homotoksikologiya Akademiyasının kursunu da başa vurmuşdu. Elə məhz həmin illərdən o, Azərbaycanda bioloji təbabətlə bağlı ilk mütəxəssilərdən sayılırdı. Ümumiyyətlə, Elaza həkim Azərbaycanda və xarici ölkələrdə bioloji təbabətlə bağlı beynəlxalq səviyyədə keçirilən bütün tədbirlərdə iştirak edərək, maraqlı mühazirələr söyləyib. Eləcə də o, Azərbaycanda bioloji təbabətlə bağlı həkimlərlə keçirilən seminarlarda özünün maraqlı və məntiqli çıxışları ilə də yadda qalan həkimlərdən biri olub. O, gözəl həkim-pulmanoloq və həkim-qastroenteroloq kimi 2009-cu ildən ömrünün sonuna kimi - 2019-cu ilə kimi burada işləyib və bioloji təbabət sahəsində çalışan onlarla yüksək səviyyəli həkimlər yetişdirib.

Vahid Haman oğlu Məmmədov Bioloji Təbabət Klinikasının ağsaqqalı sayılırdı. O, 1948-ci ilin martın 25-də Quba rayonunun Qonaqkənd kəndində dünyaya gəlmişdi. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdu. 1972-ci ildə ali məktəb təhsilini başa vurduqdan sonra iki il Uzaq Şərqdə hərbi xidmətdə olduğu müddətdə hərbi qospitalda həkim kimi çalışmışdı. O, elə bir uzaq diyarda qospitalda xidmət edən yeganə azərbaycanlı həkim olaraq, nevropatologiya sahəsini orada praktiki cəhətdən daha mükəmməl öyrənə bilmişdi. İstedadına və bacarığına görə ona vaxtından əvvəl hərbi rütbə verilmiş və hətta hərbi xidməti başa çatdıqdan sonra da qalıb, qospitalda işləmək təklif edilmişdi. O isə öz həmvətənlərinə xidmət etməyi daha vacib hesab edərək, doğma el-obaya qayıtmışdı.

Vahid həkim vətənə qayıtdıqdan sonra taleyini Sumqayıtla bağlayaraq, oradakı Alüminium zavodunun tibb hissəsində sahə həkimi və nevropatoloq kimi bir il çalışdıqdan sonra Sumqayıt 1 №-li şəhər xəstəxanasının nevrologiya şöbəsinə keçirildi. Orada 1984-cü ilə qədər işlədikdən sonra o, həmin il yenicə açılan Sumqayıt Bərpa Müalicəsi Xəstəxanasının nevrologiya şöbəsinin müdiri vəzifəsinə təyin edildi. Diqqətəlayiqdir ki, hələ çox gənc olmasına baxmayaraq, öz istedad və bacarığı sayəsində o, artıq 1981-ci ildən ictimai əsaslarla şəhərin baş nevropatolqu kimi fəaliyyət gösətirirdi. 1992-ci ildən isə kollektivin təkidi ilə Vahid həkim Sumqayıt Bərpa Müalicəsi Xəstəxanasının baş həkimi təyin edildi. O, 16 il həmin xəstəxananın baş həkimi vəzifəsində çalışdı. Ancaq baş həkim olmasına baxmayaraq, həkim-nevropatoloq kimi də öz işini davam etdirirdi. Axı, o, ali dərəcəli nevropatoloq idi və sözsüz ki, pasiyentlərin çoxu müalicə üçün məhz ona müraciət edirdilər. Ümumiyyətlə, Vahid həkim öz sənətini həmişə vəzifəsindən üstün tutub. 16 il həmin xəstəxananın baş həkimi işlədiyi vaxtda da, 2007-2008-ci illərdə Abşeron rayon Mərkəzi Xəstəxanasının baş həkimi olduğu vaxtda da həkimlik onun üçün həmişə vəzifədən üstün olub. Odur ki, o illərdə ondan kimsə hansı vəzifədə çalışdığını soruşardısa, deyərdi ki, “həkim-nevropatoloq işləyirəm”.

2009-cu ildən Vahid həkim taleyini Bioloji Təbabət Klinikası ilə bağladı və orada baş həkimin müalicə üzrə müavini kimi ömrünün sonuna qədər çalışdı. Bütünlükdə isə, o, ömrünün 40 ildən çoxunu Azərbaycan səhiyyəsinə şərəflə xidmət elədi. Təəssüf ki, Vahid həkim də həyatdan vaxtsız getdi - 2018-ci ilin mayında həyatla vidalaşmalı oldu.

Elaza xanım və Vahid həkim dünyadan köçsələr də, doğma kollektiv onları heç zaman unutmur. Çünki Bioloji Təbabət Klinikasının inkişafında onların ikisinin də əvəzsiz xidmətləri var. Onlar həm də özlərindən sonra bu müqəddəs işi davam etdirmək üçün bioloji təbabət üzrə onlarla mütəxəssis yetişdiriblər. Ona görə də kollektiv onları heç zaman unutmur və unutmayacaq.

Elxan Yaqubovun çıxışından sonra zaldan sürəkli alqışlar eşidildi. Sonra Azərbaycanın Dövlət himni və həkim Aygün Məmmədovanın Bioloji Təbabətə həsr etdiyi şeirə Əməkdar İncəsənət xadimi, bəstəkar Sərdar Fərəcovun yazdığı himn səsləndi.

Klinikanın yaradıcısı və baş direktoru Elxan Yaqubov Azərbaycan səhiyyəsində böyük izlər qoymuş Vahid həkimin və Elaza xanımın Bioloji Təbabət Klinikasnın muzeyi üçün hazırlanmış büstlərinin üzərindəki pərdələri götürdü. Göz yaşları ilə müşayiət olunan həzin alqış sədaları qopdu. Büstləri yüksək sənətkarlıqla, zövqlə hazırlamış rəssam-heykəltəraşlar Rizvan Mirhadızadəyə, Əməkdar rəssam Hüseyn Haqverdiyevə və metal işini görmüş Samir Qulamova minnətdarlıq ifadə edildi.

Bir məqam da diqqətdən yayınmadı ki, Elxan müəllim uzun illər birgə çalışdığı, yüksək dərəcəli həkim kimi Bioloji Təbabət Klinikasının yaranmasında və populyarlaşmasında böyük xidmətləri olan Elaza həkim və Vahid həkim haqqında danışdıqca tez-tez kövrəlirdi. Bu isə onun necə sadiq, qədirbilən bir dost olmasını, yüksək insani keyfiyyətlərini göstərirdi.

Sonra çıxış edənlər - baş direktorun farmasevtika üzrə müavini, sərəncamçı direktor Səbirə Yaqubova, Klinikanın baş həkimi, müalicə işləri üzrə baş direktorun müavini Gülnar Quliyeva, Bioloji Təbabət Cəmiyyətinin ilk prezidenti, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Sanatoriyasının rəisi, polkovnik-leytenant Vidadi Əliyev, uzun illər Sumqayıt Bərpa Müalicəsi Xəstəxanasında Vahid Məmmədovla birgə çalışmış Tofiq Bağırov, Daxili İşlər Nazirliyinin Mərkəzi Qospitalının keçmiş baş həkimi, təqaüddə olan polkovnik, Elaza xanımla uzun illər bir yerdə işləmiş, Əməkdar həkim, tibb və fəlsəfə üzrə elmlər doktoru Ramiz Ələkbərov, Vahid Məmmədovla birgə Abşeron Mərkəzi Xəstəxanasında çalışmış, bir müddət Sumqayıt şəhər Səhiyyəsinə rəhbərlik etmiş, hal-hazırda Bakı şəhərindəki 22 nömrəli xəstəxananın baş həkimi olan Əməkdar həkim, tibb üzrə fəlsəfə doktoru, şair, jurnalist Nəriman Ocaqlı, Elaza həkimin bacısı, iki il Bioloji Təbabət Klinikasında həkim kimi işləmişvə hal-hazırda “Riomed”in həkimi olan Mehriban Mikayılzadə, Əməkdar jurnalist, Vahid Məmmədovun yaxın dostlarından olan, “Bakinets” qəzetinin yaradıcısı Rəhman Orxan, Elaza xanımın bir vaxtlar pasienti və sonra rəfiqəsi olmuş Venera Əsgərova və Mədəniyyət Nazirliyinin Kütləvi İnformasiya şöbəsinin rəhbəri, “Mədəniyyət.az” jurnalının baş redaktoru, bir vaxtlar Elaza Mikayılzadənin pasienti və sonra yaxın rəfiqəsi olmuş Zöhrə Əliyeva Bioloji Təbabət Klinikasının bu iki görkəmli, fədakar həkimləri ilə bağlı xatirələrini yada saldıılar.

Tədbirin sonunda ailə üzvləri adından danışmaq üçün Elaza həkimin qızı Pərvin Mikayılzadə və Vahid həkimin oğlu Samir Məmmədov söz aldılar. Onlar əziz valideynlərinə göstərilən diqqət və ehtirama görə Bioloji Təbabət Klinikasının rəhbərliyinə minnətdarlıqlarını, tədbirdə iştirak edənlərə təşəkkürlərini bildirdilər və valideyinləri haqqında xatirələrini danışdılar.

Tədbirin sonunda xatirəsi əziz tutulan hər iki görkəmli həkimin - Elaza Mikayılzadənin və Vahid Məmmədovun büstlərinin önünə əklillər və gül dəstələri qoyuldu, xatirə şəkilləri çəkildi.

Xatirə tədbiri Azərbaycanda bioloji təbabətlə bağlı maraqlı, tarixi bir gün kimi yaddaşlara yazıldı. İnanırıq ki, vaxt gələcək, dünyanın ən çox inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da pasiyentlər öz sağlamlıqlarını yalnız Bioloji Təbabət Klinikasının həkimlərinə etibar edəcəklər. O günlər heç də uzaqda deyil.
Necə ki, həkim-nevroloq Aygün Məmmədova “Bioloji təbabətim” şeirinin son bəndində deyir:

Xəstələrin qibləgahı,
Sağlamlığın ocağısan.
Səndən ömür alır hamı.
Sən təbabətin bağısan.
“Bioloji təbabətim”.
“Bioloji təbabətim”.

Gülnar TACLI, şairə-publisist
Orxan Rəhmanoğlu.