“Azərbaycan xalçası və Kübra Əliyeva” mövzusunda mühazirə dinlənilib FOTOLAR

25 Yanvar 2020 17:10 (UTC+04:00)

Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycan xalçası və Kübra Əliyeva” mövzusunda mühazirə dinlənilib. SİA-nın məlumatına görə, mühazirədə gənc xalçaçılar, tələbələr və xalça həvəskarları iştirak ediblər.

Mühazirədə, əvvəlcə, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyevanın keçdiyi həyat yolu barədə məlumat verilib. Qeyd olunub ki, tanınmış xalça ustası Lətif Kərimovun sevimli tələbəsi və layiqli davamçısı olan Kübra xanım 50 ildən artıqdır həyatını bu sahəyə həsr edib. O, “Azərbaycan xovsuz xalçaları”, “Xalı və xalçaçılıq terminləri lüğəti” kitablarının müəllifi və “XVI-XVII əsr Təbriz xalça məktəbi və onun Yaxın və Orta Şərq xalça sənəti ilə əlaqəsi”, eləcə də “Lətif Kərimov: həyat və yaradıcılığı” kitablarının həmmüəllifidir. Onun müxtəlif dillərdə çap olunan çoxlu məqalələri var. Dövlət Rəssamlıq Akademiyasının professoru olan Kübra Əliyeva Avropa, Yaxın Şərq ölkələrində keçirilən sanballı elmi simpozium və konqreslərdə Azərbaycan incəsənəti ilə əlaqədar məruzələrlə çıxış edib.

Professor özü haqqında qısaca məlumat verib: “Azərbaycanın nəşriyyat tarixində görkəmli yeri olan Orucov qardaşlarından Abuzər Orucovun qız nəvəsiyəm. Ziyalı ailəsində anadan olmuşam. Mənim xalçaçılığa gəlişim atamla Lətif Kərimovun dostluğundan başlayıb. Lətif müəllimin xeyir-duası ilə bu sahədə ilk addımlarımı atandan sonra Lomonosov adına Moskva Dövlət Universitetində professor V.M.Vasilenkonun yanında təcrübə keçmişəm.”

Mühazirə zamanı professor Kübra Əliyeva xalçaçılıq sənətini öyrənmək üçün ötən əsrin 60-cı illərinin axırlarından başlayaraq ekspedisiyalarda olduğunu, fərqli etnoqrafik ənənələri, mifləri topladığını, memarlıq abidələrini öyrəndiyi haqqında məlumat verib. O, ölkəmizin ərazisini qarış-qarış gəzərək xalqımızın tarixini, keçdiyi keşməkeşli yolu mükəmməl öyrənib, müxtəlif mənbələrə üz tutub. Xalça sənətinin özündə, həm də mifologiya, etnoqrafiya və fəlsəfəni birləşdirdiyini söyləyən görkəmli xalçaçı-rəssam çoxlu maraqlı məlumatlar verib və milli irsimizin yorulmaz tədqiqatçısı və təbliğatçısı kimi sənətinin incəliklərindən bəhs edib.