Fevralın 9-da keçiriləcək parlament seçkilərində 111 saylı Zaqatala-Balakən seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Kamilə Əliyevanın təbliğat-təşviqat kampaniyası uğurla davam edir.
Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Kamilə Əliyeva təbliğat-təşviqat kampaniyası çərçivəsində günün birinci yarısında Zaqatala rayonunun Danaçı və Uzunqazmalar kəndlərinin sakinləri ilə görüş keçirib. Günün ikinci yarısı isə onun Zaqatala rayonun Aşağı Çardaxlar kənd sakinləri ilə fərdi görüşləri təşkil olunub. Görüşdə Yeni Azərbaycan Partiyasının Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov, digər səlahiyyətli nümayəndələr iştirak edib.
Görüşdə çıxış edən deputatlığa namizəd Kamilə Əliyeva, son 16 il ərzində ölkədə görülən işlərdən, həyata keçirilən uğurlu siyasətdən söz açıb. Kamilə Əliyeva bildirib ki, bu gün Azərbaycan iqtisadi inkişaf baxımından, heç bir ölkədən asılı deyil: «İqtisadi müstəqillik bizə imkan verir ki, ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil siyasət apararaq, Azərbaycan xalqının maraqlarını hər zaman müdafiə etsin.» Ölkəmizdə beynəlxalq layihələrlə yanaşı, ölkə daxilində həyata keçirilən sosial, aqrar və sənaye layihələrinin də uğurla icra edildiyi görüş iştirakçılarının diqqətinə çatdırılıb. Namizəd Kamilə Əliyeva çıxışı zamanı deputat olduğu dönəmdə göstərdiyi fəaliyyətindən söz açmışdır.
Sonra seçicilər Yeni Azərbaycan Partiyasının namizədi və onun səsləndirdiyi fikirlər ətrafında mövqelərini bildirib, təkliflərini səsləndiriblər. Seçicilər ölkə başçısı İlham Əliyevə vətəndaşların rifah halının yüksəldilməsi yönündə siyasət yürütdüyü üçün öz dərin minnətdarlıqlarını ifadə ediblər.
Fərdi görüşlər zamanı seçicilər millət vəkilliyinə namizəd Kamilə xanım Əliyevaya qarşıdan gələn seçkilərdə və gələcək fəaliyyətində uğurlar arzulayıblar.
ZÜMRÜD BAYRAMOVA