Miniatür Kitab Muzeyində ötən ilin yekunlarına həsr olunmuş tədbir keçirilib

24 Yanvar 2020 21:49 (UTC+04:00)

Yanvarın 24-də Miniatür Kitab Muzeyində ötən ilin yekunlarına həsr olunmuş tədbir keçirilib.

SİA "AZƏRTAC"a istinadən xəbər verir ki, Miniatür Kitab Muzeyinin təsisçisi və yaradıcısı Zərifə Salahova 2019-cu ildə görülmüş işlər barədə məlumat verib.

Ötən il muzey üçün əlamətdar və yaddaqalan il olduğunu söyləyən Z.Salahova il ərzində 11 miniatür kitabın işıq üzü gördüyünü qeyd edib. Bildirib ki, bu kitablar içərisində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında İlham Əliyevin nitqi”, “Mehriban Əliyeva. Həyatımın qayəsi-millətə xidmət”, “Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri”, "Mehriban Əliyeva. Xeyirxahlıq yerinə yetirilən missiyadır" adlı miniatür nəşrlər xüsusi yer tutur. O, yola saldığımız il muzey tərəfindən “Azərbaycan-100”, “Taleyüklü görüş”, “Fərman Salmanov. Məqsədə doğru gedən yol”, “İqor Aşurbəylinin kosmik planları”, eləcə də Naxçıvan Muxtar Respublikasının 95 illiyi münasibətilə miniatür kitabların nəşr olunaraq oxucuların ixtiyarına verildiyini diqqətə çatdırıb.

Ötən il işıq üzü görən hər bir miniatür kitab haqqında tədbir iştirakçılarına məlumat verən Z.Salahova bildirib ki, onun tərəfindən 1985-ci ildən 252 miniatür, o cümlədən 3 kiçik və 1 böyük formatlı kitab buraxılıb.

Qeyd edib ki, muzeyə gələn ziyarətçilərin sayı ildən-ilə artır. O, ötən il muzeyə 98 min 494, ümumilikdə isə son 17 ildə 560 mindən çox ziyarətçinin gəldiyini söyləyib.