Dünyada koronavirusa yoluxanların sayı 913 nəfərə çatdı!

24 Yanvar 2020 21:06 (UTC+04:00)

Çində aşkarlanan koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı dünya üzrə 913 nəfərə çatıb. Onlardan 897-si və ölüm hallarının hamısı (26) Çində qeydə alınıb. Bu barədə Çin Dövlət Səhiyyə Komissiyası məlumat yayıb. Xəbərdə deyilir ki, virusa ən çox yoluxma və ölüm halları virusun aşkarlandığı Xubey vilayətində (549 nəfər yoluxma, 24 ölüm halı) baş verib. İndiyədək 35 nəfərin müalicədən sonra vəziyyətinin yaxşılaşdığı və xəstəxananı tərk etdiyi bildirilir.

Çinin materik hissəsindən başqa, Tayvan adasında, Honkonq və Makao xüsusi inzibati bölgələrində, xaricdə isə Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ-da da virusa yoluxma halları təsdiqlənib. Xubey vilayəti ilə yanaşı, Pekin, Şanxay, Çunçin, Tiencin şəhərlərində, habelə Cıcian, Quandun, Xunan, Ahnuy, Siçuan, Ciansi, Yünnan və Quycou vilayətlərində 1-ci səviyyədə fövqəladə hazırlıq vəziyyəti elan olunub.