Məşhur Məmmədov rayonun ağsaqqal və gənclərlə görüş keçirib

24 Yanvar 2020 17:39 (UTC+04:00)

Bu gün Yeni Azərbaycan Partiyasının 70 saylı Masallı şəhər Seçki Dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Məşhur Şahbaz oğlu Məmmədov ilk növbədə rayonun ağsaqqalları ilə görüş keçirib. Görüşü giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev son on altı ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə çoxsaylı uğurların əldə olunduğunu bildirib: "Çox sevindirici haldır ki, bu gözəl işlərin müsbət təsiri Masallı rayonunun dəyişən, gözəlləşən simasında da özünü göstərir".

Qarşıdakı növbəti parlament seçkilərinin əhəmiyyətindən söz açan S.Əliyev vurğulayıb ki, qanunverici orqan, məhz xalqın səsverməsi ilə formalaşır. O, vurğulayıb ki, 9 fevral 2020-ci il tarixində keçiriləcək parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası ilk gündən gözlənildiyi kimi, çox uğurlu başlayıb. S.Əliyev, həmçinin tərəfindən 70 saylı Masallı şəhər Seçki Dairəsi üzrə YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Məşhur Şahbaz oğlu Məmmədov haqqında geniş məlumat verib və namizədə səs verməyə çağırıb.

Seçicilərlə görüşdə çıxış edən YAP-ın 70 saylı Masallı şəhər Seçki Dairəsindən irəli sürülmüş deputatlığa namizəd Məşhur Şahbaz oğlu Məmmədov həyat və fəaliyyəti barədə geniş məlumat verib.

Daha sonra Məşhur Məmmədov çıxışında Prezident İlham Əliyevin Sədri olduğu YAP-ın namizədi olmağı ilə qürur hissi duyduğunu və eyni zamanda böyük məsuliyyət daşıdığını bildirib: "Ölkəmizin inkişafında misilsiz xidmətləri olan YAP keçirilən bütün seçkilərdə qələbə qazanıb. Xalq-iqtidar birliyinin, həmrəyliyinin olması bu qələbələrin qazanılmasına əsas verir və bu etibarın, inamın qazanılması da Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin yorulmaz, məqsədyönlü siyasəti nəticəsində mümkün olub. İnanıram ki, seçicilərimiz YAP-ın irəli sürdüyü "Daha güclü Azərbaycan naminə" olan platformasını dəstəkləyəcək və Azərbaycanımızın gələcək inkişafında İlham Əliyevin yürütdüyü siyasətə töhfələrini verəcəklər".

Çıxış edən seçicilər, kənd ağsaqqalları, ziyalıları birmənalı olaraq bildiriblər ki, cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti bəyənir və 9 fevralda seçki məntəqələrinə gələrək Yeni Azərbaycan Partiyasının namizədi Məşhur Şahbaz oğlu Məmmədova səs verəcəklər.

Tədbirdən sonra kənd ağsaqqalları ilə fərdi qəbul keçirilib. Onları narahat edən məsələlər müzakirə edilib.

Günün ikinci yarısı Məşhur Şazbaz oğlu Masallı rayonun gəncləri ilə görüş keçirib. Görüşü giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev qarşıdan gələn parlament seçkiləri haqqında danışıb, seçkilərin ölkəmizin ictimai-siyasi həyatında mühüm bir hadisə olduğunu qeyd edib.

Görüşdə çıxış edən deputatlığa namizəd Məşhur Məmmədov deyib ki, demokratik siyasi sistemə malik olan Azərbaycanda seçkilər şəffaf və beynəlxalq standartlara uyğun keçirilir. Deputatlığa namizəd əlavə edib ki, Azərbaycanın daxili və xarici siyasəti müstəqilliyi ilə seçilir: "Bugünkü müstəqilliyimizin qorunub inkişaf etdirilməsi məsələsində də gənclərin üzərinə böyük məsuliyyət düşür. Prezident İlham Əliyev də çıxışlarında gənclərə inandığını dəfələrlə vurğulayıb".

Məşhur Məmmədov YAP-ın hər zaman gəncliyin inkişafına dəstək verdiyini deyərək gənc seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.

Görüşdə çıxış edən gənclər 9 fevral seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.

RƏFİQƏ KAMALQIZI