Davos Forumu sərmayə cəlb edilməsi üçün platformadır TƏHLİL

24 Yanvar 2020 16:57 (UTC+04:00)

Dünya İqtisadi Forumunda, Davosda iştirak etməyin, ikitərəfli əlaqələr yaradılması üçün danışıqlar aparmağın və çoxtərəfli formatda müəyyən platforma müzakirələrində iştirak etməyin Azərbaycan üçün əhəmiyyəti sözsüz ki, böyükdür və danılmazdır. Nəzərə almaq lazımdır ki, forumda dünyaca məşhur şirkətlər, ən böyük dövlətlər belə iştirak edirlər və bu baxımdan ölkəmizin, ölkə başçımızın iştirakı əlbəttə ki, təqdirəlayiqdir.

Hər ilin əvvəlində, daha dəqiq desək, 20-24 yanvar tarixlərində keçirilən forum bu il də maraq dairəsindədir. Əks halda, bu forumda 50-dən artıq dövlətin başçısı iştirak etməzdi. Onu da qeyd etmək yerinə düşərdi ki, bu ilki Dünya İqtisadi Forumuna sərvəti 5 milyard dollardan artıq olan 100-dən çox milyarder gəlib və öz biznesini, öz şirkətini təmsil edir. Əlbəttə ki, belə iş adamlarının, biznesmenlərin milyarderlərin forumda iştirak etməkdə şəxsi maraqları və biznes strategiyaları da təkzib edilə bilməz. Çünki, əlaqələrini genişləndirmək, dövriyyəsini artırmaq, kapitalını böyütmək hər bir iş adamlarının maraq dairəsindədir. Bu səbəbdən də milyarderlərin belə bir foruma, Davosa toplaşması tamamilə başadüşüləndir.

Təkcə iş adamları deyil, dövlətlər özləri də bu Forumda iştirakda maraqlıdırlar. Heç bir dövlət izafi gəlirdən imtina etmək fikrində ola bilməz. Ələlxüsus, Azərbaycan kimi neft, sənaye, kənd təsərrüfatı məhsullarının ixracatçısı olan bir dövlətin belə bir foruma marağı günün reallığıdır. Əbəs yerə deyil ki, Cənab Prezident İlham Əliyev hər il bu forumda iştirak edir və qururla deyə bilərik ki, ölkə başçısı forum çərçivəsində də uğurlu görüşlər keçirir. Azərbaycan Prezidentinin Davosda keçirdiyi görüşlərin isə Azərbaycan üçün praktik əhəmiyyət daşıdığının illərdir ki, biz hamımız şahidi oluruq. Şahidi oluruq ki, Cənab Prezidentin bu forumda işdirakı sayəsində böyük şirkətlərin Azərbaycana investisiya qoymaq üçün marağı durmadan artır. Yəni bu maraq əslində ölkəmizə investisiya axını deməkdir və nəticə etibarı ilə Davos forumunu bu baxımdan ölkəmizə sərmayə cəlb edilməsi üçün bir platforma da adlandırmaq olar. Ölkə başçısının hər il Davosda iştirakı Azərbaycana sərmayə axınının dinamik şəkildə artımı ilə nəticələnir.

Azərbaycan bir neft ixracatçısı olmaqla yanaşı həm də qeyri-neft sektorunun, sənayenin, kənd təsərrüfatının da inkişafına xüsusi diqqət ayıran bir dövlətdir və bu baxımdan ölkəmizin ixrac etdiyi məhsulların çeşidi də artmaqdadır. Bir sözlə, ölkəmizin ixrac potensialı artdıqca, dünyanın məşhur şirkətlərini cəlb etmək üçün çox böyük potensial da yaranır. Məhz belə bir potensialla Dünya İqtisadi Forumunda iştirak etməyin nə dərəcədə əhəmiyyətli olduğunu artıq hər kəs çox gözəl başa düşür.
Heç şübhəsiz ki, Dünya İqtisadi Forumunda ölkə başçısının həyata keçirdiyi görüşlər qeyri-neft sektoruna xaricdən investisiya axınını sürətləndirəcək. Bu artıq proqnoz deyil, reallıqdır. Çünki, müftəlif profilli şirkət rəhbərlərinin, tanınmış, məşhur biznesmenlərin Azərbaycan Prezidenti ilə görüşməyə maraq göstərməsi təsdiq edir ki, onların ölkəmizdə sərmayə qoyuluşu barədə qərarları qətidir. Məhz bu baxımdan ölkə başçımızın Davosda Dünya İqtisadi Forumda iştirakı və dünyaca məşhur müxtəlif şirkət rəhbərləri ilə görüşü çox böyük əhəmiyyət kəsb edir.

Nəzərə almaq lazımdır ki, dünyaca məşhur şirkət rəhbərləri özləri də Davosda iştirak edir və biznes fəaliyyətini daha da genişləndirmək üçün dünyanın ayrı-ayrı yerlərində mövcud imkanlar və potensiallarla maraqlanır. Onu da qeyd etmək yerinə düşərdi ki, forum çərçivəsində Azərbaycan Prezidentinin fəaliyyəti ölkənin mövcud imkanlarının dünya üçün təqdimatı məhz bu mənada daha önəmlidir. Daha dəqiq desək, forum çərçivəsində iş adamları, tanınmış sirkət rəhbərləri ölkəmizin potensialı barədə məlumatları, ölkəmizin imkanlarını şəxsən ölkə başçısının, prezidentin dilindən eşitməsi daha vacib amildir.

Hadisələrin gedişi, dünyaca məşhur şirkətlərin rəhbərlərinin, iş adamlarının Prezident İlham Əliyevlə görüşmək istəyi və reallaşdırılan görüşlər təsdiq edir ki, aqrar sahədə, sənaye, enerji və qeyri-neft sektorunda ölkəmizə olan maraq çox böyükdür. Eyni zamanda ölkəmizin dünya ticarətində dəhliz rolunu olnaması da vacib şərtdir ki, iş adamları bu barədə məhz Davosda daha müfəssəl məlumat ala bilirlər. Forumda Azərbaycanın iştirakçısı və təşəbbüskarı olduğu bir neçə dəhlizin çox böyük maraqla qarşılandığı və bu barədə müzakirələr aparıldığı heç də təsadüfi deyil. Xüsusilə nəqliyyat, enerji və logistika mərkəzi olmaq baxımından Azərbaycanın çox böyük imkan və potensialları Davos Forumunda daha dəqiq və dolğun şəkildə hər kəsə bəyan olur. Bu isə öz növbəsində yeni-yeni sərmayə qoyuluşlarından tutmuş, daha böyük, qlobal layihələrə qədər bir çox perspektivlərdən xəbər verir.

Bir sözlə, Davosda keçirilən forum, Dünya İqtisadi Forumu və bu forumda ölkə başçımızın iştirakı Azərbaycan üçün xüsusilə əhəmiyyətlidir və hər birimizin bu forumdan gözləntilərimiz olduqca böyükdür. Çünki, sözügedən forum, Cənab Prezident İlham Əliyevin bu forumda iştirakı ölkəmiz üçün nikbin proqnozlar vəd edir.