Türkiyədə yaşayan azərbaycanlı jurnalist Davosdan yazdı RƏY

24 Yanvar 2020 12:40 (UTC+04:00)

Oktay Hacımusalı: “Prezident İlham Əliyev bu mesajı sadəcə həmin moderatora deyil, bütün dünyaya verdi”

“Davosda keçirilən beynəlxalq iqtisadi forumda özünə görə Azərbaycan haqqında dünya ictimaiyyətində mənfi rəy yaratmağa çalışan görüşün moderatoruna cənab Prezident tarixi bir cavab verdi və diplomatik bir dillə anıatmağa çalışdı ki, rəsmi Bakı öz dəstəyini xalqından alır”. Bu fikirləri SİA-ya Türkiyədə fəaliyyət göstərən azərbaycanlı jurnalist və siyasi analitik Oktay Hacımusalı sözügedən mövzu ilə bağlı fikirlərini şərh edərkən bildirib.

“Bəli, cənab Prezident vurğuladı ki, qərar verəndə nə Moskvaya, nə də Pekinə ehtiyacı olmur”, deyən jurnalist qeyd edib ki, Avropanın mərkəzində illərdir keçirilən beynəlxalq nüfuzlu bir toplantıda, belə bir möhtəşəm bir tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev moderatorun "Cənab Əliyev, bir qərara gələndə ilk öncə hara zəng edirsiniz, Moskvaya, yoxsa Pekinə?" sualına bircə kəlmə ilə dəqiq cavab verdi: "Bakıya!" Ölkə başçısı lakonik cavabı ilə əslində bunu qeyd etmək istədi: bu sualınızın altında yatan qərəzi hiss etməmiş deyiləm. Lakin bircə şeyi unudursunuz mən Qərb dəyərlərini tənqid edərkən, haqlı olaraq onun ölkəmin milli mənəvi dəyərlərinə zərərlərini nəzərdə tuturdum...” “Azərbaycan bu zərərli dəyərlərə qarşı çıxarkən, qardaş Türkiyənin Avropa Birliyinə daxil olmasının qarşısında dayanan faktorların məhz islamfobiya olduğunu deyəndə qətiyyən kiminsə diktəsi ilə bunları demirdi”, qeyd edən O.Hacımusalı hesab edir ki, məhz Prezident İlham Əliyev bu mesajları ilə Azərbaycanın regionda və ümumiyyətlə qlobal miqyasda davam edən qütbləşmələrdə tərəf olmadığını, hər kəslə sıfır problem siyasətini sırf milli maraqlar kontekstində həyata keçirdiyini vurğuladı: “Cənab Prezident Davosda mesaj verdi ki, rəsmi Bakı gücünü xalqdan alır, qətiyyən hansısa üçüncü bir qüvvəyə arxalanmır və arxalanmasını gözləmək də ağıllı bir hərəkət deyil. Öz daxilində bütün sferalarda israrla islahatlara gedən və bunda qərarlı olan bir iqtidar qətiyyən tərəf tutmaz, tutmaq haqqında da düşünə bilməz. Prezident İlham Əliyev bu mesajı sadəcə həmin moderatora deyil, bütün dünyaya verdi və israrla vurğuladı ki, Azərbaycan sizin üçün Ermənistan və ya Gürcüstan deyil. Onun özünün siyasi kursu var və bu siyasi kurs illərdir davam etdirilən ideoloji xəttin məntiqi davamı mahiyyətindədir".

Rövşən NURƏDDİNOĞLU