Yaxın Şərq və Şimali Afrika regionunun yeni xəritəsi cızılır...
30 Mart 2011 18:02 (UTC+04:00)
Ərəb dünyasında iğtişaşlar və qarşıdurmalarla davam etməkdədir. Bu gün hadisələrin daha şiddətli cərəyan etdiyi əsas yer isə Liviyadır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının çıxardığı qərar çərçivəsində ABŞ, Böyük Britaniya, Fransa, İtaliya və Kanadadan ibarət koalisiya qüvvələrinin həyata keçirdiyi əməliyyatların fonunda ölkədə sözün əsl mənasında xaos yaşanmaqdadır. Koalisiya qüvvələrinin təşkil etdiyi hava hücumları bir çox günahsız insanın həlak olmasına, müxtəlif obyektlərin dağılmasına səbəb olub. Bu əməliyyatların və qarşıdurmaların fonunda Liviyada bölgələrarası və qruplararası toqquşma və ziddiyyətlər daha da artmaqda, eləcə də çox ciddi-faciəvi hadisələrə səbəb olmaqdadır. Bütün bunlar isə bir daha onu göstərməkdədir ki, koalisiya qüvvələrinin Liviyaya qarşı hava əməliyyatı heç də iddia edildiyi kimi, ölkədə dinc sakinlərin müdafiəsi missiyasına xidmət etmir və konkret qüvvələrin geostrateji səciyyəli transmilli maraqlarının təmin olunması məqsədi əsasında həyata keçirilir. Yaxın Şərq və Şimali Afrikada baş verən hadisələr bir daha göstərir ki, sözügedən olayların arxasında xalqlar deyil, bir sıra güc mərkəzləri dayanır. Bir mənalı şəkildə deyə bilərik iki, bu gün Tunis, Misir, Liviya, Yəmən, Suriya kimi region ölkələrində baş verən hadisələr "Böyük Yaxın Şərq" layihəsi" əsasında baş verir. Bütün bu sadalananların fonunda belə bir nəticəyə gəlmək olur ki, "Böyük Yaxın Şərq əməliyyatı" heç də iddia edildiyi kimi, bölgə ölkələrinə demokratiya gətirmək məqsədi daşımır. Qərbin təqdim etdiyi demokratiya dinc insanların qətlinə, ölkələrin xaosa və anarxiayaya sürüklənməsi ilə nəticələnməsi faktı növbəti dəfə sübut edir ki, dünyanı idarə edən imperialistlər "demokratiya", "insan haqları" kimi anlayışlardan özlərinin transmilli maraqlarını təmin etmək üçün təsir vasitəsi kimi istifadə etməkdədir. Bu, bir faktdır ki, beynəlxalq hüquq normalarını istədiyi kimi istimar edən imperialistlər özlərinin işğallarına demokratiya donu geyindirməkdədilər. Məhz bu məqamda qeyd edə bilərik ki, Yaxın Şərq və Şimali Afrikada baş verən olayların xaosa və anarxiyaya yol açmasının, insan qətliamının əsl səbəbkarı və günahkarı demokratiya meyvəsilə dünyanı aldadan imperialistlərdir. Keçmişdə olduğu kimi, bu gün də bəhs edilən coğrafi regionda iğtişaşlarla müşahidə edilən dağıdıcı olaylar milli tənəzzül mənbəyi qismində çıxış edəcək və bölgə ölkələrini ciddi kataklizmlərlə qarşı-qarşıya qoyacaq. Tarixi faktlardan bəlli olduğu kimi, ictimai-siyasi strukturların və təsisatların iflic edilməsi, hakimiyyətin bir qrup oliqarxdan digərinə keçməsi, həmçinin, dağıdıcı inqilablar nəticəsində hakimiyyətə gələnlərin bu yolla da hakimiyyətdən devrilməsi, yaxud da tezliklə müəyyən sahələrə nəzarət uğrunda inqilabçıların öz aralarında da nifaq yaranması və rejimlərin avtoritarizmdən neoavtoritarizmə transfer olunması kimi real nəticələr məkan və ya zamanından asılı olmayaraq bu cür iğtişaşların qurucu deyil, dağıdıcı funksiyaya malik olduğunu sübut edib. Bütün bunlar isə onu deməyə əsas verir ki, yaşadığımız əsr yeni dünya düzəninin fonunda imperialist güc mərkəzlərinin "sınaq laboratoriyası"na çevrilmiş ölkələrdə baş tutmuş inqilablar həmin dövlətlər və bu dövlətlərin xalqları üçün yalnız "bumeranq" zərbəsi səciyyəsi daşıyır. Bu gün Liviyada baş verənlər söylədiyimiz faktların sonuncu təzahür formasıdır. Belə ki, imperialist güclərin hücumlarının fonunda yaranmış xaotik durum ölkənin ictimai-siyasi stabillik balansını pozmaqla yanaşı, ciddi "mərkəzdənqaçma" meyillərinin sürətlənməsinə səbəb olub.
Yayılmış məlumatlara görə, müxalifət kimi təsvir edilən, amma əslində, Qərbin idarə etdiyi qüvvələr – Benqazi - öz nəzarətlərində olan ərazilərdəki neftin satılmasına hazırlaşır. Digər tərəfdən, sözügedən qüvvələr nəzarətində olan ərazilərdən sutkada 100-130 min barel neft hasil edir. Onlar bildirirlər ki, "qara qızıl"ın hasilatı sutkada 300 min barelə kimi artırıla bilər. Bu da onu göstərir ki, ölkənin milli sərvəti xalqın yox, Qərbin maraqları naminə kütləvi surətdə istismar edilir. Bu, eyni zamanda, sözügedən sui-istifadələrin perspektivdə daha kəskin xarakter alacağına dəlalət edir. Bir sözlə, imperialistlər tərəfindən idarə olunan hadisələr gələcəkdə Yaxın Şərqin və Şimali Afrikanın yeni düzənini formalaşıracaq...