“Bir dəfə Bağdadda” rusdilli tamaşaçılar üçün təqdim olunacaq

23 Yanvar 2020 11:11 (UTC+04:00)

Azərbaycan Dövlət Akadaemik Musiqili Teatrı fevralın 7-də “Bir dəfə Bağdadda” musiqili komediyasını növbəti dəfə rusdilli tamaşaçıları üçün təqdim edəcək. Teatrdan SİA-ya bildirilib ki, görkəmli bəstəkar Emin Sabitoğlunun eyniadlı operettası əsasında teatrın rus bölməsində ərsəyə gələn tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur.

Əsərdə hadisələr Bağdadda, xəlifə Harun ər-Rəşidin dövründə baş versə də, müasir zamanla səsləşir.

Səhnə əsərində rolları teatrın sevilən sənətkarları - Boris Qrafkin (Masrur), Anton Ferştdant (Harun ər-Rəşid), Svetlana Bulax (Afət), Emil Heydərov (Səlim), Yuliya Heydərova (Züleyxa), Pərviz Məmmədov (Bəhram), Mehriban Zalıyeva (Leyla), Əliməmməd Novruzov (Rəhim), Nadejda Povelitsina və Telnaz Hüseynova (Xacələr) ifa edəcəklər.

Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, səhnə tərtibatçısı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir Ağayev və Yelena Ağayeva, xormeysteri Əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Kamil Həsənov, rejissor assistenti Tamilla Aslanovadır.